ABŞ Təxsisatlar Komitəsi Dövlət Departamentinin 2023-cü il büdcəsi ilə bağlı hesabatını təqdim edib. “Yeni Müsavat” bildirir ki, hesabata əsasən, Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək. Sözügedən məqsədlə ən azı 60 milyon dollar vəsaitin ayrılması planlaşdırılır. Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün də 2 milyon dollar nəzərdə tutulub. Komissiya Qarabağ münaqişəsinin humanitar məsələlərə təsirindən və nəticədə mənzil, ərzaq, təhlükəsizlik, su təchizatı, kanalizasiya, səhiyyə və digər sahələrdə yaranan çətinliklərdən narahatdır. Şuşadakı beynəlxalq konfransa qatılmamaqla erməni separatçılarını sevindirən Birləşmiş Ştatlar bu qərarla bir daha onlara sevgisini ortaya qoydu. Əraziləri işğala məruz qalan, şəhər və kəndləri viran qoyulan Azərbaycan olsa da, göründüyü kimi, ABŞ-dan milyonlarla dollar maliyyə yardımını alan Ermənistandır. Ancaq ABŞ-ı xaraba qoyulan Azərbaycan torpaqları maraqlandırmır. Onlar yalnız Ermənistana yardım etməyi düşünürlər.
2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla kampaniya aparacaqlarını açıqlamışdı. Görünür, erməni diasporu istəyinə nail olub. İstisna deyil ki, son günlər Minsk Qrupunu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı maliyyə dəstəyi kartından istifadə etmək istəyir. Qarabağa maliyyə ayrılması, ümumiyyətlə, bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. ABŞ Rusiya ilə qobal səviyyədə guya separtizmə qarşı müharibə aparsa da, Qarabağda eyni ilə separatçılığın müdafiəsində oynadığı rol aydın görünür.
Vaşinqtonun bu addımının arxasında duran səbəblər nədir? Bakının Minsk Qrupu israrına qarşı niyə ABŞ İrəvana və separatçılara maliyyə yardımı ayırmaqla cavab verir? Donbas separatçılarını Xankəndidəki rejimdən fərqləndirən nədir ki, Amerika birinin məhvi üçün “HİMARS” raketləri, o birinin dirçəlməsi üçün pul göndərir? Bakının reaksiyası nə olmalıdır? Bundan başqa, separatçıların qondarma “xarici işlər naziri” David Babayan ABŞ Konqresində çıxış edəcək. Sentyabrın 19-da Vaşinqtona gedəcək separatçı çıxışında “status” və qondarma “artsax”ın təhlükəsizliyindən bəhs edəcək. Səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir. ABŞ-ın “Minsk Qrupu” mövqeyindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi təsadüfi deyil. Görünür, erməni diasporu/lobbisi Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir edə bilib və ABŞ bölgəyə dair siyasətini “status” kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirir. ABŞ səfirinin Şuşaya niyə getmək istəməməsinin səbəbi bir daha məlum olur. Bakı separatçı Babayanın Konqresdə çıxışı məsələsini Vaşinqtonun qarşısında qaldırılmalıdır. Bəs Amerika niyə son vaxtlar əsəblərimizi tarıma çəkən addımlar atır?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, Amerikanın son addımları bütün əndazəni aşmaqdadır. Partiya sədri hesab edir ki, Bayden administrasiyasının ermənipərəst olacağı ilk gündən bəlli idi:
“Amerikada seçkilər ərəfəsində biz deyirdik ki, Co Bayden ”907-ci" düzəlişin müəlliflərindən biridir, onun prezidentliyi dövründə Vaşinqtondan xoş münasibət gözləməyə dəyməz. Amma müharibədə qələbə qazandıqdan sonra ABŞ reallıqları qəbul etməli və sülhə töhfə verməlidir. Biz əksini müşahidə edirik, sülhə töhfə vermək əvəzinə gah ölmüş Minsk Qrupu xortladılır, gah separatçıya Konqresdə qucaq açılır, gah İrəvan və Xankəndidə Araik administrasiyasına maliyyə ayrılır... Bunların bir adı var - Qarabağda müharibəni yenidən alovlandırmaq, Rusiyanı bu işə qarışdırmaq, Ukrayna ilə paralel Moskva üçün ikinci cəbhə açmaq, Putinin 10 noyabrda imzaladığı sənədi qüvvədən salmaq. Xarici İşlər Nazirliyimiz Amerikanın Bakıdakı səfirini çağırmalıdır, nota verməlidir, Şuşaya getməməsinə görə ona diplomatik ritorika ilə irad bildirilməklə yanaşı, Vaşinqtonun son addımları ilə bağlı izahat istənilməlidir".
Partiya sədri tələb edir ki, Amerika səfirindən soruşulmalıdır - hansı əsasla terrorçuya Konqresdə çıxış icazəsi verilir:
“Hansı beynəlxalq hüquqa söykənərək İnterpola axtarışa verilmiş Araik üçün 2 milyon ayırırsız? Axı Xankəndi və ətraf bölgədə ermənilər yaşayırsa, öz olduqları yerləri necə minalaya bilərlər? Bu ərazilər Azərbaycanın suveren torpaqlarıdır, Amerika isə şübhə toxumu səpir və çox təəssüf ki, dünyaya azadlıq, vicdan, ədalət vəd edən ABŞ cığal addımlar atır. Görünür ki, bölgədə problemlərin köklü həllini istəmirlər, separatizmin mövcud olmasında maraqlıdırlar, eyni zamanda Rusiyanın acığına belə hərəkətlərə yol verirlər. İş o yerə çatıb ki, hətta aşkar ermənipərəst olan Fransa da son aylar Amerika qədər bizi narazı salacaq addımlara yol vermir”.