Erməni ictimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.az-a müsahibəsində bildirib ki, əksər hallarda Ermənistan sakinləri Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, qonşu Azərbaycan xalqı ilə sülh şəraitində yaşamaq istəyirlər. Onun sözlərinə görə, məhz Azərbaycan kimi qonşu ilə dost olmaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək olar və olmalıdır.
Ağacanov azsaylı ermənilərdən sayıla bilər ki, ağıllı və düzgün fikirlər səsləndirib. O anlayır ki, ölkəsinin nicatı Bakı və Ankara ilə əlaqələri yoluna qoymaqdan, Zəngəzur dəhlizini açmaqdan keçir. Amma bu təklifləri nə dərəcədə reallaşa bilər? İrəvana nümayəndə heyətlərinin getməsi, Qarabağ erməniləri ilə birbaşa təmaslar mümkündürmü və bu cür görüşlər faydalılıq baxımdan nə verəcək? Türkdən “qaniçən” obrazı düzəltməyə davam edən Rusiya buna əngəl yaratmazmı?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə bunu bir halda mümkün sayır:
“Ermənistan götürdüyü öhdəlikləri tam yerinə yetirsin. İlk növbədə nəqliyyat-kommunikasiya xətləri işə düşməlidir, İrəvan Bakının şərtlərini sözdə yox, əməldə qəbul etməlidir, Zəngəzur dəhlizi maneəsiz keçid olaraq açılmalıdır, Qarabağdan terrorçu erməni dəstələri rədd olmalıdır. Bundan sonra barışıq heyətləri də bir araya gələ bilər, Bakıdan ziyalılar, siyasətçilər Xankəndinə gedərək mülki ermənilərlə görüşüb onlara vədlər də verə bilər. İndiki halda beyni zəhərlənmiş həmin ermənilər ”artsax" xülyası ilə məhv olmaqdadırlar. Qarabağın dağlıq ərazisində olduqca az erməni qalıb, Xankəndi küçələri bomboşdur, insanların sabaha ümidi qalmayıb, amma yenə də Araik, Vitali, Bako kimilər onlara nağıllar danışır. Onlarda bizə nifrət aşılayır, belə şəraitdə Qarabağdakı ermənilərlə birbaşa təmas alınarmı? Üstəlik, sülhməramlılar da onları arxayın salıb və bir hasar hörüblər. Yəni təmas mümkün görünmür. Ona görə real addımlar atılmalıdır".
ALDP sədri təklif edir ki, bir neçə lokal hərbi əməliyyatla separatçı rejimin yuvasını dağıtmaq olar:
“Azərbaycan ərazisində terrorçu qruplaşmalar qalmamalıdır. Biz bu məsələdə sərt olmalıyıq. Çünki iki ilə yaxındır ki, 10 noyabr sazişinin müddəalarının icrası yubadılır. Ermənistan vaxt qazanır, qondarma rejim sülhməramlılara arxayınlaşıb, hələ azmış kimi revanşist fikirlər səsləndirirlər. Bu zaman barışıq heyəti onlarla nəyi müzakirə edəcək? Onlar ancaq ”Dəmir yumruq"dan anlayırlar. Başqa cür başa düşmürlər. Ağacanov tələsməsin, tezliklə özləri barışıq heyəti göndərəcəklər, ayağımıza düşüb bir daha yalvaracaqlar. Deyəsən, kapitulyasiya az oldu, iti axıra qədər qovmaq lazımdır. Çünki Avropa İttifaqının və Rusiyanın moderatorluğu ilə keçirilən bütün görüşlərin yekununda Ermənistan yenə cığallıq etməkdədir. Paşinyan da, Araik də bunkerdə gizlənmək üçün darıxıblar".
/Yeni Müsavat/