Son günlər Azərbaycanda "bu qədər idarəetmə orqanlarını saxlamağa ehtiyac varmı" tipli müzakirələrə yenidən tez-tez rast gəlmək mümkündür. Müzakirələrdə ölkədə idarəetmə subyektlərinin sayının azaldılması, bəzi kiçik rayonların birləşdirilməsi və idarəetmədə paralelçiliyin aradan qaldırılması kimi təkliflər də eşidilir.
Hazırda ölkədə dövlətə məxsus 17 nazirlik, 7 komitə, 14 xidmət, 16 agentlik fəaliyyət göstərir. Bundan əlavə, 60-dan çox rayon mövcuddur...
Deputat Vahid Əhmədov mövzu ilə bağlı "Turan" Agentliyinə deyib ki, rayonlarla əlaqədar idarəetmə strukturunda ciddi dəyişikliklərə ehtiyac var. Onun fikrincə, son vaxtlar dövlət orqanlarında baş verən həbslər, korrupsiya faktları onu göstərir ki, bu sahəyə kifayət qədər fikir verilməyib: "Ölkədə 11 iqtisadi rayon var. Ona görə təklif edirəm ki, ölkədə 11 əyalət yaradılsın, 11 əyalətdə də icra başçısı, qubernator təyin edilsin".
Deputatın dediyinə görə, burada bir şərt əsas yer tutur, bu da bələdiyyələrə münasibətin dəyişməsidir: "Bələdiyyələrə səlahiyyətlər verilsin. Bələdiyyələrin statuslarına əlavələr edilsin. Bir sözlə, Azərbaycan bələdiyyələri Türkiyə idarəçilik variantına keçirilsin. Sosial-iqtisadi məsələlərlə bələdiyyələr məşğul olsun".
Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə strukturunda ciddi dəyişikliklər baş verməyib. Onun fikrincə, idarəetmədə təkmilləşdirmə hələ başa çatdırılmayıb, struktur islahatları bitməyib: "Elə nazirliklər, komitələr var ki, onlara ehtiyac yoxdur, elələri birləşdirilməlidir. Azərbaycanda struktur islahatları başa çatdırılmalıdır. Bu qədər nazirliklərə, komitələrə, ehtiyac yoxdur. Düşüncəmə görə, ölkədə nazirliklər, komitələr qarışıq 14-15 idarəetmə vahidi idarəçilik üçün yetərlidir".