Partiya rəsmisi: Artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzləyirlər

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova hakimiyyətin kadr islahatları, o cümlədə, yeni icra başçılarının təyin olunmasını Baku News-a şərh edib.

Dinarə Məmmədovanın sözlərinə görə, kadr islahatlarının davamlı olunması təqdirəlayiq haldır:

“Azərbaycanda icra başçılarının, məmurların fəaliyyəti cəmiyyət tərəfindən hər zaman müşahidə olunub. Hamısına aid edilməsə də, onların əksərinin savadsız olmaları, rüşvətxorluq, korrupsiya hallarına yol vermələri barədə fikirlərə tez-tez rast gəlirik. Son illərdə bir neçə rayonun icra başçısının, məmurların həbs olunmasının da şahidi olduq. Əsas odur ki, bu kadr islahatları davamlıdır və təqdirə layiq haldır”.

“Cəmiyyətdə gedən müzakirələrdə, hakimiyyətin gənc kadrlarla bağlı qıtlıq yaşadığını düşünənlər də var, bunun əksini deyənlər də. Artıq yaşlaşmış məmurları nisbətən gənclərlə əvəzləyirlər. Onların da hardasa 30-40 yaşları var. Yəni ki, onlar Azərbaycanın müstəqillik dövründə böyüyüblər və çoxu xaricdə təhsil alıblar. Nəzərə alsaq ki, xaricdə oxuyanların əksəriyyəti varlı ailələrin uşaqlarıdırlar, onların da bir çoxunda normal savad yoxdur. Kadr islahatı prosesində yalnız xaricdə təhsil almaq, dil bilmək prinsipi əsas götürülür. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bu gün ölkəmizdə xarici dil bilən on minlərlə gənc var, xaricdə təhsil almadıqlarından irəli çəkilməyiblər”-ALDP rəsmisi geyd etdi.

Dinarə Məmmədovanın sözlərinə görə kadr islahatlarının lənqiməsi kadr potensialın zəif olduğundan irəli gəlir:

“Hakimiyyətin bilikli, ehtiyat kadrları yoxdur. İllər boyu icra strukturlarında yerdəyişmə olub. Məmur üçün 5-7 il bəs edir ki, öz iş potensialını ortalığa qoysun. Bu illərdə o çalışır ki, bir iş görsün. Əgər 5-7 ildən sonra o vəzifədə qalırsa, artıq öz maraqlarına xidmət edir. Bizdə isə 20 ildən çox vəzifədə olanlar var. Hətta 20 il parlamentə gedib-gələn deputatlar var. Fikrimcə, kadrın təyinatında onun idarəetmə qabiliyyəti və təcrübəsi əsas götürməlidir. Burada bütövlükdə sistem dəyişməlidir. İnsanların təfəkkürü, onların hadisələrə yanaşmaları dəyişilməlidir. Dəfələrlə təklif vermişik ki, müxalifət daxilində savadlı, idarəçiliyi və işini bilən mütəxəssis kadrlar var. Müraciət etsinlər, biz də kadrlarımızı verək. Bu dövlət hamımızındır”.

0.093096971511841