Həmişə şəhid ailələri, müharibə iştirakçıları, veteran və qazilərin qonağı olan, müxtəlif tədbirlərində, toy və yas mərasimlərində iştirak edən, kabinetlərdə rəsmi görüşlər keçirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu dəfə "ənənə" ni pozaraq dünən həmin təbəqənin nümayəndələri ilə qeyri-rəsmi formada görüşdü.
Daha doğrusu, S.Qurbanov bu dəfə onları özünə qonaq edib, özü də təbiət qoynunda - Şabranın Məşrif kəndində Göyçə İstirahət Mərkəzində.
Görüşdə bir qrup şəhid ailəsi başçısı, müharibə veteranı, iştirakçısı və qazi ilə yanaşı rayonun tanınmış və hörmətli ziyalıları da iştirak etdilər.
Çay və yemək süfrəsi ətrafında keçən görüşdə millət vəkili onlarla səmimi söhbətlər apardı. Millət vəkili əvvəlcə dövlətin bu təbəqə nümayəndələrinə diqqət və qayğısından danışdı. Dövlət başçısının həmin təbəqə nümayəndələrinə göstərdiyi diqqət və qayğısından bəhs edən millət vəkili mövcud olan xırda sosial problemlərin zaman-zaman tamamilə həll olunacağını dedi. Bu istiqamətdə hökumət tərəfindən həyata keçirilən sosial proqramların sürətlə və ardıcıllıqla reallaşdığından bəhs etdi. S.Qurbanov vurğuladı ki, sosial proqramların tez bir zamanda reallaşması əhalinin dövlət başçısına olan etimadı daha da artırıb.
S.Qurbanov dedi ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Millət vəkili əlavə etdi ki, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır.
Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu proqramın icrası sürətlənir.
Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır.
Millət vəkili onu da qeyd etdi ki, həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.
Millət vəkili daha sonra onlara "indi siz sözünüzü, istəyinizi, şikayətiniz, üzləşdiyiniz problem varsa çəkinmədən deyin, fikirlərinizi söyləyin, təkliflərinizi verin" deyə müraciət etdi.
Əvvəlcə belə səmimi atmosferdə görüş təşkil etdiyinə görə S.Qurbanova təşəkkür edildi. Hər bir şəhid atası, müharibə veteranı və qazi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirdilər. Təbii ki, yerlərdə məmurların bu təbəqənin nümayəndələrinə qarşı bəzi məsələlərdə laqeydsizlikləri də vurğulandı.
Millət vəkili onları səbrli, təmkinli olmağa çağırdı. Dövlət başçısının şəhid ailələri, müharibə veteranı, qazilərlə əlaqədar məsələlərə konkret mövqeyini bildirərək dediyi fikri xatırlatdı: “Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək.” S.Qurbanov vurğuladı ki, cənab Prezidentin bu fikri bundan sonra da dövlətin şəhid ailələri və qazilər ilə bağlı sosial siyasətinin davam edəcəyi haqqında ən mühüm mesajdır.
Səmimi söhbətlər həm süfrə arxasında, həm də ayaqüstü davam etdi. Millət vəkili onlarla həm qrup şəklində, həm də fərdi qaydada söhbətlər apardı.
Qeyd: Şəhid ataları, müharibə veteranı və qazilərin S.Qurbanovla görüşüb, ayrılmaları, aralarındakı səmimiyyət, mehribançılıq millət vəkilinin seçiciləri tərəfindən necə sevildiyinin, hörmət göstərildiyinin, ona olan inamın, etibarın, doğmalığın göstəricisi idi. Bu dəfə də hər biri millət vəkilini evində, kəndində görmək istəklərini bildirdilər. S.Qurbanov imkan daxilində vaxt tapıb onların qonağı olacağını, eyni zamanda bu formada da görüşlər keçirəcəyini dedi.
Yeri gəlmişkən, millət vəkilinin orada olması xəbərini eşidən yaxın ətraf kəndlərin bir qrup sakini də onunla görüşə gəldilər. Görüşdə 2020-ci il parlament seçkisi öncəsi S.Qurbanovun təkbaşına apardığı yüksək təbliğat kampaniyası çərçivəsində kəndlərin seçiciləri ilə görüşləri, söhbətləri xatırlandı. Seçicilərin millət vəkilini yenidən görmək üçün maşın tutub bir neçə kilometr yol qət edib gəlməsinin qayəsində ona olan hörmət, sayğı vardı...