Sabiq səhiyyə naziri Əli İnsanov və AMEA prezidenti, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin iqtidara qarşı birləşdikləri yönündə iddialar səslənir.
Sabiq nazir Amerikanin sesi-nə verdiyi son müsahibəsində bu iddialardan danışıb.
O deyib: “Danışırlar ki, Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb: Avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir?”
İnsanov Mehdiyevin hansı qütbdə olması barədə fikirlərini növbəti sualda daha aydın şəkildə izah edib: “Ramiz Mehdiyev hər zaman böyük qonşumuz Rusiyanın tərəfdarıdır və onların yaxın münasibətləri olub. Ona böyük hörmət, dəstək olub və sairə”...
Bütün bu deyilənlərə rəğmən, ümumiyyətlə, bu iki şəxs birləşərsə, hökumət üçün problem yarada bilərdilərmi?
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hər iki şəxs barədə kifayət qədər sərt danışdı: “Əli İnsanov məlum müsahibəsində Ramiz Mehdiyevi müdafiə edib, amma birlikdə ola bilməyəcəklərini açıqlayıb. Həm də bunu Mehdiyevin rusiyapərəst, özünün isə qərbpərəst olması ilə əlaqələndirib. Əslində məsələnin mahiyyətini də elə burada axtarmaq lazımdır. Bu, sadəcə, siyasi simasızlığın, ikiüzlülüyün apageyasıdır. Bu adamda siyasi əxlaq, dövlət mənafeyi, milli qürur və təəssübkeşlik hissi yoxdur. Əgər olsaydı, deyərdi ki, mən Azərbaycan dövlətinin suverenliyini, müstəqil siyasət yürütməsini hər şeydən üstün tuturam. Amma nə edir? Guya qərbpərəst olduğunu xüsusi şəkildə vurğulamaqla xarici dairələrə mesaj verir. Əslində Əli İnsanov da, Ramiz Mehdiyev də maraq ovçularıdır, siyasi yırtıcılardır. Belələrinin ideoloji prinsipləri olmur. Onlar yalnız maraqlarının təmin olunacağı istiqamətə yönəlirlər. Maraqlıdır, Avroatlantik məkana inteqrasiya tərəfdarı olduğunu iddia edən Əli İnsanovun, görəsən, Avropanın hüquqi dəyərlərindən bir anlayışı var? Səhiyyə naziri olanda vətəndaşlara qəssab psixologiyası ilə yanaşan, hər kəsi tapdalamağa, alternativ fikir söyləyənləri kəsib doğramağa hazır olan, jurnalistləri təhqir edən bu adam hansı üzlə Avroatlantik məkandan danışır? Çox güman ki, İnsanov bu sözləri deyəndə Çörçillin, Adenauerin, Şumanın, Spaakın, Qasperinin, Bevinin məzarları ”çatlayıb". İnsan siyasi baxışlarına korrektələr edə bilər, amma xarakterini dəyişə bilməz. Digər tərəfdən, həm Əli İnsanov, həm də Ramiz Mehdiyev Azərbaycanın dünənidir. Bu adamlar ölkənin siyasi münasibətlər sisteminə yeni heç nə verə bilməzlər. Bu adamlar tükəniblər və düşünçələrini də toz basıb. Azərbaycan siyasətçisi Azərbaycanpərəst olmalıdır. Bunun başqa alternativi yoxdur. Əgər hansısa siyasətçi qərbdən, şərqdən, şimaldan, cənubdan mədəd gözləyirsə, deməli, Azərbaycanın suverenliyini, milli maraqlarını başqalarının ayaqları altına atmağa hazırdır".