“Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.
Bu bəyanatı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda açıqlayıb.
TİA.Az-a danışan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev indiki halda qapalı məkanlarda tibbi maskadan istifadəyə etiraz edib. ALDP liderinin sözlərinə görə, Operativ Qərargah qızmar yay mövsümünü, əhalinin karantin həyatından psixoloji olaraq bezdiyini nəzərə almalıdır:
“Bu istidə nə maska? İnsanlar çimərliklərə axışır, “d” vitamini alır, bir yandan dəhşətli istilər var, bu halda maska tələbini qüvvəyə mindirmək yersizdir. Həm isti səbəbindən maska əziyyət verəcək, həm də vətəndaşlar yorulublar. Yaxşı olar ki, kollektiv immunitet formalaşsın. Artıq qonşu ölkələr quru sərhədlərini də açıblar, üstəlik, yoluxma sayı o həddə deyil ki, maska istifadə edilsin”.
Fuad Əliyev hesab edir ki, Operativ Qərargah ictimaiyyətə epidemik vəziyyət haqda dürüst informasiya verməlidir:
“Mən üç səhiyyə qurumunun açıqlaması ilə tanış oldum. Fikrimcə, hökumətin pandemiya ilə mübarizədə kifayət qədər təcrübəsi var və prosesin qarşısını almaq üçün real addımlar ata bilər, amma maska, sms sistemi, metronu bağlamaq, ictimai iaşə obyektlərində iş saatını məhdudlaşdırmaq çarə deyil. Ötən dövr göstərdi ki, hər kəs maska taxır, amma yoluxanlar da artır”.