Versus.az xəbər verir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.
Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. ANAMA nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat veriləcək.
Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşəcəklər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, bu, iqtidar və müxalifət nümayəndələrinin azad edilmiş ərazilərə sayca dördüncü səfəridir.
Səfərdə olan Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Zəngilanın Ağalı "Ağıllı kəndi"ndə aparılan bərpa-quruculuq işlərini yüksək dəyərləndirib.
ALDP sədri işğaldan azad olunmuş rayonlara edilən səfərlərdə erməni vandalarının törətdiyi dağıntıların hələ də fakt olaraq ərazilərdə qaldığını qeyd etməklə yanaşı, bu gün Ağalıda gördüyü xoş mənzərənin tamamilə başqa bir təəssürat oyatdığını vurğulayıb.
Fuad Əliyev bildirib ki, əgər dağıdılmış ərazilərdə erməni işğalının, vandallığının nümunəsini görürdüksə, bu gün Ağalıda işğaldan azad olunan torpağın yaşayış üçün tam yararlı vəziyyətə gətirildiyini, həyatın bərpa edildiyini müşahidə edirik. O, Zəngilanda gördüyü bu gözəl bərpa işlərini Azərbaycanın sülh, əminamanlıq ideyasının bariz nümunəsi kimi önə çəkib.
"İşğalçı Ermənistan şəhərlərimizi dağıtdı, viran qoydu, biz - Azərbaycan isə öz torpağını azad etdi, bu gün bərpa edir, gözəlləşdirir. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası əlbəttə ki, bizi ruhlandırır.