Dinarə Məmmədova: Bəyannamədə Zəngəzur dəhlizinin adının hallanması hədəfləri göstərən mühüm amildir

”2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı”.

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova BakuNews-a Şuşa Bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı münasibətində  bildirib.

“Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin imzalanması məhz Azərbaycan üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etmişdi” - Dinarə Məmmədova qeyd etdi.

Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcını qeyd edən Dinarə Məmmədova daha sonra bildirib:

“15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır və iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar”.

Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir:

“Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Tarixi gerçəklik olan Zəngəzur dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı təbliğatına mühüm zərbədir. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik”.

Dinarə Məmmədova onu da qeyd edib ki, ALDP sədri Fuad Əliyev Şuşa şəhərində “Şuşa Bəyannaməsinin” imzalanmasının bir illiyi ilə bağlı keçiriləcək tədbirə dəvət alıb.

0.18332004547119