Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova Xeber-PS-a müsahibə verib.
– Dinarə xanım, Sizin fikrinizcə, bu gün cəmiyyət nə dərəcədə siyasiləşib və nəyə görə?
– Cəmiyyət həddən artıq siyasiləşib. İstənilən yerdə, hətta ictimai nəqliyyatda belə, insanların müəyyən məsələlərlə bağlı siyasətdən danışdığını müşahidə edirik. Hətta evdə iki xanım telefonla danışanda belə, istər-istəməz siyasətə keçirlər. Bir deyim var “sən siyasətlə məşul olmursansa, siyasət səninlə məşğul olacaq”. Yəni, əgər sən gedib seçkidə səs vermirsənsə, sabah bu, gəlib sənin üçün problem yaradacaq. Vətəndaş öz seçicilik hüququndan istifadə etsə, normal demokaratik sistem qursa, sonra siyasətlə məşğul olmayacaq. Özü seçmir və sonra da mövcud olan hakimiyyətin siyasətini qəbul etmir. Bu da istər-istəməz gətirib mətbəxt söhbətlərinə çıxarır. Eyni zamanda insanları depresiyaya, psixoloji pozğunluq vəziyyətinə gətirir. Bu gün insanların üzündə bir narahatlıq, gərginlik görünür. Bütün bunlar hamısı depressiv bir sindromu üzə çıxarır. Ya susur, ya da öz-özünə danışır. Sui-qəsdlər, intiharlar bundan irəli gəlir. İnsan problemləri ilə qapalı qalır və psixoloji sarsıntılar keçirir. Çünki o, böyük auditoriyada danışır eşidilmir, sonra iki-üç nəfərin yanında danışır yenə də eşidilmir, sonra tək qalır. İşsizlik, banka borc, pulsuzluq və sair düşüncələrlə intihara əl atır. Bunlar hamısı psixoloji gərginliyə, nevroloji xəstəliyə, depresiyaya gətirib çıxarır. Görürsən ki, tanıdığın insan bir ilin içində aqressivləşir. Ona görə mən yenə də hakimiyyətin üzərinə qayıdıram. Hakimiyyət maraqlı olmalıdır ki, vətəndaşı sağlam, müəyyən qədər az problemli olsun. Ən azı bir az yaxşı yaşamasına kömək etsin. Vətəndaşın qarnı acdırsa, yaxşı yaşaya bilmirsə, ona hansısa Avroviziya, Avropa oyunları və sair əyləncələr lazım deyil. Vətəndaş yaşayışından razı qalmalıdır ki, başqa şey haqqında danışmasın.
– Problemlər icində olan cəmiyyət özünə qapanırsa, mütləq bir partlayış olacaq. Bunu sakit dayanan müxalifət düşərgəsinə də şamil etmək olar?
– Bu “partlayışın” səbəbini hazırki müxalifətə şamil etmək olmaz. Əgər yığılan enerji püskürəcəksə, bu tamamilə fərqli, daha radikal qüvvələrdə olacaq. Bu təbiidir. Çünki hətta adi sızaq belə, irinləyəndən sonra mütləq partlayır. Mən istəmirəm ki, cəmiyyət bu formada partlasın, radikal addımlar atılsın. Mən istəyərəm ki, hər bir proses demokratik yollarla həyata keçirilsin. Amma bu əhval-ruhiyə belə davam edərsə partlayış nə vaxtsa baş verə bilər. Təbii ki, cəmiyyətin bu durumu demokratik düşərgəyə də sirayət edir.