Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin böyük tarixi əhəmiyyəti var. Bu Azərbaycanın qələbəsinin bir daha dünyaya çatdırılması, xalq-hakimiyyət-ordu həmrəyliyi, birliyinin bariz nümunəsidir. Ölkə rəhbərinin qurultayda çıxışı, məntiqli fikir və ifadələri dünyaya mesaj kimi qəbul edilməlidir.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
ALDP sədri bildirib ki, ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında deymişdir ki, vaxt gələcək qurultayımızı işğaldan azad olunmuş şəhərlərdə keçirəcəyik:
“Artıq vaxt yetişdi və Azərbaycan dünyaya öz gücünü göstərdi. Bütün sahələrdə ölkəmiz uğurlara imza atıb. Bu gün dünyada yaşayan diaspora təşkilatların rəsmilərinin iştirakı ilə keçirilən möhtəşəm tədbir bu qələbənin bariz nümunəsidir. 44 günlük müharibə zamanı dünyada yaşayan soydaşlarımızın xalqla, hakimiyyətlə bir, həmrəy olması nəticəsində biz işğalçılar üzərində qələbəmizi təmin edə bildik. Dünyanı şoka saldıq. Bütün dünya azərbaycanlıları bu uğurlarımızla qürur duyurlar. Bu gün onlara da 30 ilə yaxın həsrətdə qaldıqları Şuşanı görmək nəsib oldu".
Fuad Əliyev onu da qeyd edib ki, bundan sonra xaricdəki disapora təşkilatları arasında daha məsuliyyətli vəzifələr durur. Daha da möhkəmlənmək, fəaliyyətimizi sürətləndirmək, genişləndirmək və informasiya mübarizəsində yeni-yeni uğurlar əldə etmək. Diaspora təşkilatlarımızın qarşısında böyük vəzifələr dayanır. Xaricdə yaşayan, işləyən, təhsil alan hər bir soydaşımız dünyaya Azərbaycan həqiqətlərini dəqiqliklə, çevikliklə çatdırmalıdır:
"Prezident İlham Əliyev əvvəlki qurultaylardakı çıxışlarında heç vaxt işğalla barışmayacağını demişdir. 44 günlük müharibədə əldə olunan qələbə nəticə oldu. Bu nəticəni qoruyub saxlamalıyıq. Erməni faşizmi təhlükəsi hələ sovuşmayıb, buna qarşı vuruşmağa hazır olmalıyıq. Ermənilərin vandalizm aktlarını dünyaya çatdırmalıyıq".