“2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev görülən işlərlə bağlı xalqımıza geniş məlumat verdi və post-pandemiya dövründə ötən illə müqayisədə xeyli irəliləyişin əldə olunduğunu qeyd etdi”
Bunu Xəbər-PS-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova deyib.
“Prezident İlham Əliyev post-müharibə dövründə görülən və görüləcək işlərə diqqət yönəltdi. Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və infrastruktur layihələrinin hazırlanması idi. Buna da mərhələ-mərhələ nail oluruq. Yaxın aylarda Şuşa şəhərinə məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsiylə bağlı büdcədən 2 milyard, 200 milyon manat vəsait ayrılıb”- Dinarə Məmmədova qeyd edib.
Dinarə Məmmədovanın sözlərinə görə, Prezident İlham Əliyev çıxışısında həm də mövcud vəziyyəti dünyaya çatdırdı:
“Prezident dəfələrlə münaqişənin bitdiyini, "Dağlıq Qarabağ" və status haqqında fikirlərini net şəklində bildirmişdi. Artıq Ermənistan rəhbərliyilə yanaşı bəzi ölkələr də bu fikirlərlə razılaşıblar. Avropa İttifaqının bu reallıqlarını qəbul etdiyini vurğuluyan Prezident buna misal olaraq Brüsseldə qəbul edilən bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini və “Minsk Qrupunun” xatırlanmaması göstərdi. Prezidentin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi qəbul edib”.
ALDP rəsmisi Prezidentin infrastruktur və yeni yollarla bağlı fikirlərini müsbət qiymətləndirdi:
“Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi bu ilə planlaşdırılır. Bu yolun böyük əhəmiyyəti var. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Yolların bərpası və yeni yolların çekilməsi çox vacib məsələdir”.