Deputat mandatı boş qalanda əlavə seçki təyin edilməlidir. Ancaq bu da baş verməyib.
Novator.az bildirir ki, 33 saylı Xətai dairəsinin 47 min 614 nəfər, 35 saylı Xətai dairəsinin 39 min 40 nəfər, 74 saylı Lənkəran kənd dairəsinin 35 min 434 nəfər, 80 saylı İmişli-Beyləqan dairəsinin 42 min 680 nəfər, 116 saylı Qəbələ dairəsinin 44 min 244 nəfər, 55 saylı Xaçmaz şəhər dairəsinin 44 min 382 nəfər, 50 saylı Abşeron-Qobustan dairəsinin 46 min 803 nəfər seçicisi var. Beləliklə, hazırda ümumilikdə 300 min 197 seçici deputatsızdır.
Ana qanuna (konstitusiya) və Seçki Məcəlləsinə görə, parlament seçkisinin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayıb təsdiqləyir. Mərkəzi Seçki Komissiyası səsvermə günündən uzağı 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayıb Konstitusiya Məhkəməsinə ötürməlidir.
2015-ci ildə 1 dairə üzrə səsvermənin nəticəsi etibarsız hesab edilib, 2016-cı ildə həmin dairədə təkrar seçki olub. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv edib. İndi niyə seçki keçirilmir? Bu seçkilər nə zaman baş tutacaq? Ümumiyyətlə, keçirilməmə ehtimalı varmı?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 7 dairədə seçkilərin təşkilində bir məntiq görmür:
“Hesab edirəm ki, əksinə, 300 min əhalinin deputatı var, yerdə qalan seçicilərin deputatı yoxdur. Bu gün parlamentdə vur-tut beş-altı deputatın fəaliyyəti görünür, vətəndaşların, seçicilərin problemlərindən danışırlar, dairələrdə görüşlər keçirirlər. Qalanlarının heç bir fəaliyyəti yoxdur. Yəqin ki başları öz şəxsi problemlərinə qarışıb. Bu baxımdan hesab edirəm ki, boş qalan dairələrə seçkilərin keçirilməsi məntiqəuyğun deyil. Bundansa, referendum keçirib bir neçə vacib məsələlərlə yanaşı, seçkilərin proporsional sistemə keçirilməsi məsələsini səsverməyə çıxarsınlar. Referendum keçiriləndən sonra yeni parlament seçkiləri təyin etmək olardı. Fikrimcə, bu daha məntiqli olar”.