Sovet İttifaqı Əfqanıstandan çıxanda əfqanlar əsgərləri gül-çiçəklə yola salırdılar, amma 20 il ərzində Əfqanıstanı dağıdan Qərb ordan qaçdı

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Kanal-13" İnternet Televiziya Kanalına müsahibə verib.

ALDP sədri bildirib ki, Qərb ölkələri həmişə demokratiyaya ikili standartla yanaşıblar:

"Şərqdə ilk demokratik respublika yaradan Azərbaycan bu ikili "demokratiya" standartların qurbanı oldu. XI Qızıl ordu Azərbaycana gələndə, ADR-ın Parlament spikeri, Xarici İşlər Naziri, Baş Nazir Londonda , Parisə və Berlinə getmişdilər, deyirdilər ki, bizə kömək edin, XXI Qızıl ordu gəlib bizi işğal edəcək. Nə oldu? Kömək etmək əvəzinə ingilislər Azərbaycanı tərk etdilər. Həmin vəziyyət indi Ukraynada baş verdi. Ukrayna-Rusiya müharibəsi başlayanda Zelenski Qərbə yalvarırdı ki, "bizi tək qoymayın, kömək edin", etmədilər".

Fuad Əliyevin sözlərinə görə, Qərb birbaşa Rusiya ilə müharibə etmək istəmir:

"Düzdür, Qərb müharibə başlayandan Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Ukraynaya silah verir.  Amma birbaşa müharibə etmək istəmir. Bundan qabaq necə ki Saakaşvilini tək qoydular, indi də Ukraynanı tək qoyublar".

"Qərb  demokratiya adı ilə hansı ölkəyə girib, o ölkə dağılıb. Baxın, Sovet İttifaqı Əfqanıstandan çıxanda əfqanlar əsgərləri gül-çiçəklə yola salırdılar. 20 il ərzində Əfqanıstanı dağıdan Qərb ordan qaçdı. İndi Çin, Pakistan, Rusiya Taliban hakimiyyətinə dəstək verirlər ki, oranı bərpa etsinlər. Eyni İraqda, Suriyada, Liviyada olub"- ALDP sədri qeyd etdi.

0.11844420433044