Bütün dünyanın diqqətinin Rusiya-Ukrayna cəbhəsinə yönəldiyi vaxtda, Ermənistan ABŞ-da olan hamilərini hərəkətləndirib. “Yeni Müsavat” yazır ki, Birləşmiş Ştatlarda olan erməni lobbisi, hər zaman olduğu kimi, əlaqələrindən istifadə etməklə Azərbaycana qarşı məkrli fəaliyyətini davam etdirməkdədir. Bu istiqamətdə təbii ki, erməni diasporu da dəridən-qabıqdan çıxır. Onların budəfəki arzusunu ABŞ Konqresinin Nümayəndələr Palatası həyata keçirib. Palata Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsi qəbul edib. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub.
Qanun layihəsinin özündə “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin redaksiyası var və həmçinin “bu qanunun qüvvəyə mindiyi tarixdən sonra 90 gündən gec olmayaraq” “artsax”a qarşı hərbi əməliyyatların aparılması ehtimalı haqda hesabat tələb olunur.
ABŞ konqresmenlərinin heç kimin tanımadığı Azərbaycan ərazilərində məskunlaşmış ermənilərin qondarma “artsax” adını dövlət siyasətinə alət etməsinin arxasında dayanan plan nədir? Konqresmenləri narahat edən hansı “hərbi əməliyyatdan” söhbət gedir? Ümumilikdə, ABŞ konqresmenlərinin Qarabağda erməni separatçılarına belə qahmar çıxmağının arxasında nə dayanır? Bundan az əvvəl Avropa Parlamentinin məlum qərəzli qətnaməsi, indi də ABŞ Konqresində anti-Azərbaycan sənədinin qəbuluna qarşı rəsmi Bakının addımları necə olmalıdır?
Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Konqresdə ölkəmizin mənafeyinə uyğun hansısa qanun layihəsi irəli sürülməsini xatırlamaqda çətinlik çəkir.
ALDP sədri Amerikanın “artsax” sevgisini Minsk Qrupu ilə izah edir:
“Həmsədr ölkələrdən biri kimi ABŞ hələ də o fikirdədir ki, Minsk Qrupu bərpa olunmalı, ”münaqişə nizamlanmalı", Qarabağdakı ermənilərə “status” verilməlidir. Bu cür addımlar məhz həmin təzyiq siyasətinin nəticəsidir. Amma “status” çoxdan gorbagor olub, Azərbaycan dövləti mövqeyini açıq bəyan edib, o baxımdan Konqresdə bu şəkildə müzakirələr ermənilərə dəstəklə yanaşı, separatçıları yaşatmaq niyyətidir. Rəsmi şəkildə bu addımlara etiraz edilməli, “artsax”a yardımların çatdırılmasına imkan verilməməlidir".