Ötən həftə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu və müəllifliyi ilə TV Müsavatda yayımlanan “Dərin Təhlil” verilişində iqtidar-müxalifət arasında ciddi polemikaya şahidlik etdik. AG Partiya sədri Tural Abbaslı ilə YAP deputatı Elman Nəsirov yarızarafat-yarıciddi təmsil etdikləri partiyaları müqayisə edərkən hansı partiyanın daha çox üzvü olması ilə bağlı fikirlər səsləndiriblər.
Maraqlıdır, bəs siyasi partiyalarda üzvlərin qəbulu hansı şəkildə aparılır? Hansı partiyaya könüllü üzvlük çoxdur? Hər ay partiyalara neçə yüz nəfər qəbul olur?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə sorğumuza bu cür cavab verdi:
“Sözsüz ki, hər bir partiyanın sədri və ya funksioneri deyə bilər ki, onların partiyasının daha çox üzvü var. Bizə gəldikdə isə partiyamıza üzv olmaq istəyənlər partiyamızın bloqundakı ərizə blankına müraciət edirlər. Son məlumata görə, yəni yanvar ayında bloqa girib partiyamıza üzv olmaq istəyənlərin sayı 50 nəfər olub. Lakin ümumilikdə siyasi partiyalara maraq azalıb. Bu da məlum məsələdir ki, müxalifətin passivliyindən irəli gəlmir. Belə ki, müxalifət funksionerlərinin daha geniş auditoriya toplamaq, fikirlərini haradasa bildirmək üçün əsas televiziyalar olan İctimai və yaxud AzTV kanallarına çıxışı bağlıdır. Buna baxmayaraq, iş gedir, çalışırıq ki, liberal dəyərlərin təbliğat işlərini aparaq. Bu istiqamətdə də çətinliklərlə rastlaşırıq. Hazırkı vəziyyəti nəzərə alsaq, bu gün kiməsə liberal dəyərlərdən danışıb, onu tərəfimizə çəkmək çox çətindir. Çünki hazırda insanların başı daha çox sosial problemlərə qarışıb, işsizlik mövcuddur və sairə.
Deyə bilmərik ki, partiyamızın üzv sayına görə birinci və yaxud ikinciyik. Kifayət qədər üzvlərimiz də, tərəfdaşlarımız da var, hansı ki, üzv olmasalar da partiyamızı dəstəkləyirlər".
/Yeni Müsavat/