ALDP sədri: Azərbaycan Krımla hər hansı əlaqədə deyil və yəqin ki, bundan sonra eyni mövqe “DNR” və “LNR”-lə olacaq

Rusiya prezidenti Vladimir Putin ötən gün    “Donetsk və Luqansk xalq respublikaları”ın müstəqilliyi tanınan sənədə imza atdı. Bəzi ekspertlər ölkələrimiz arasında çox isti əlaqələrin formalaşdığını, Azərbaycanın Ukrayna ilə yaxşı münasibətlərinin olduğunu bildirirlər. Eyni zamanda qeyd edilir ki, rəsmi Kiyev Azərbaycanın suverenliyinə hörmətlə yanaşır, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Bunun qarşılığında rəsmi Bakı da eyni mövqedən çıxış edir. Rusiyanın “DNR və LNR” müstəqilliyi tanıyandan sonra Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir edəcək?

 Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə bu sualla müraciət edib.

Fuad Əliyev bildirib ki, Azərbaycan  Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıyır: “Dəfələrlə Azərbaycan rəsmiləri bununla bağlı bəyanatlar veriblər”.

ALDP sədri Azərbaycanın Ukrayna-Rusiya məsələsində mövqeyinin də birmənalı olduğunu söyləyib:

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krım Muxtar Respublikasını bu ölkənin bir hissəsi hesab edir. Bu məsələ BMT Baş Məclisinin iclasında da müzakirə edilən zaman Azərbaycan Ukraynanın yanında olub, onun ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib”.

Fuad Əliyev hesab edir ki, “DNR” və “LNR” bağlı Azərbaycanın mövqeyi oxşar olacaq:

“Rusiya Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini də yaxşı bilir. Krım hazırda Rusiyanın nəzarəti altında olduğuna görə, Azərbaycan Krımla hər hansı əlaqədə deyil. Yəqin ki, bundan sonra eyni mövqe “DNR” və “LNR”lə olacaq”.

ALDP sədrinin fikirincə, Azərbaycanın özünün müstəqil siyasəti var. Qeyd edib ki, heç bir halda Rusiyanın maraqları Azərbaycanın milli təhlükəsizliyindən, milli maraqlarından üstün deyil və ola da bilməz:

“Dünyada ikili standartlar var. Əgər separatçılığa dəstək verdiyinə, başqa dövlətin ərazisini zəbt etdiyinə görə hansısa dövlətə qarşı sanksiya tətbiq edilirsə, o zaman bu addımı atan digər dövlətlərə də eyni münasibət sərgilənməlidir. Necə olur ki, ABŞ Donbas separatçılarına vizaların verilməsini dayandırır, bank hesablarını dondurur, amma  Qarabağ separatçılarını Amerikaya dəvət edir, Konqresdə onların iştirakı ilə müzakirələr keçirir, hətta onlara maddi yardım ayırır? Bütün bunların fonunda biz Ukraynanın narahatlığını anlayır, onun ərazi bütövlüyünü dəstəkləyirik. Lakin Ermənistan BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin əleyhinə səs verib. Ukrayna bundan əvvəl Pakistan və Türkiyə kimi Ermənistanı işğalçı dövlət kimi tanıyıbmı? Xeyir. Niyə Ukrayna Ermənistanı işğalçı dövlət kimi tanımadı? Bütün baş verənlərə baxmayaraq, mən yenə də Ukrayna Azərbaycan münasibətlərinin perspektivini yüksək qiymətləndirirəm”.

0.165687084198