Ölkədə iqtidarla müxalifət arasında dialoq mövzusu son vaxtlar sanki çox arxa plana keçib. Bu mövzuda nə aktiv diskussiyalar, nə də təşəbbüslər diqqət çəkir. Mövzuları təklif edən, təşəbbüsləri irəli sürən tərəf yalnız iqtidar olduğundan ondan yeni təklif gəlmədi və müzakirələr də dayandı.
Yeri gəlmişkən, qeyd edək ki, bugünlərdə AXCP funksioneri Fuad Qəhrəmanlı iqtidarı real müxalifətlə siyasi dialoqa başlamağa çağırıb. O deyib ki, ölkədə proporsional seçki sistemi bərpa olunmalı və bu əsasda növbədənkənar, mümkün qədər demokratik parlament seçkisi keçirilməli, siyasi azadlıqların önü açılmalıdır.
“Bununla müxalifətin siyasi sistemə inteqrasiyası yolunda əngəl aradan qaldırıla, yumşaq siyasi keçidin bazası yaradıla bilər. Azərbaycanla Avropa İttifaqı arasında nəzərdə tutulan strateji tərəfdaşlıq sazişi imzalanaraq ölkədəki islahatlara beynəlxalq dəstək təmin olunmalı və Avropaya inteqrasiya istiqamətində real addımlar atılmalıdır”, - deyə o bildirib.
Təmasların dayanmasına səbəb nədir? Cəmiyyəti narahat edən aktual mövzular yoxdur, yoxsa tənqidçilərin iddia etdiyi kimi, “iqtidar müxalifəti ”özü istədiyi halda" görüş üçün çağırır. Bütün təmaslar məhz iqtidara lazım olduğu halda gerçəkləşir, yoxsa müxalifət özü də tənbəlləşib, iqtidara müzakirələr üçün mövzular təklif edə bilmir və sairə...
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyilənlərlə razı deyil:
“Ölkədə iqtidarla müxalifət arasında dialoq mövzusu son vaxtlar sanki çox arxa plana keçib” fikirləri ilə razı deyiləm. Başqalarını deyə bilmərəm, amma ALDP olaraq biz dialoqu davam etdiririk. Demək olar ki, ölkədə gedən bütün prosesləri, vətəndaşları narahat edən problemləri mütəmadi olaraq müzakirə edirik və öz tərəfimizdən təkliflər veririk. Pandemiyanı nəzərə alaraq bu müzakirələrin əksəriyyəti onlayn olub. Ola bilər ki, bəzi partiyalar müzakirələr etmək üçün bir mövzu tapa bilmirlər və iqtidar tərəfindən təkliflər gözləyirlər. Bu da həmin partiya sədrlərinin siyasətdə təsadüfi olduqlarının bir sübutudur. Kimlərsə iqtidar-müxalifət dialoqundan kənarda qalıbsa, bu onların problemidir".
/Yeni Müsavat/