AMEA prezidenti Ramiz Mehdiyevin onu tənqid edənlərə “yaylım atəşi açması” ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. “Boz kardinal” kimə gəldi dil uzadıb, deputatları təhqir edib, hökumətlə dialoqa gedən siyasi partiyaları “cib müxalifəti” adlandırıb. Bir sözlə, R.Mehdiyev vaxtilə təmsil olunduğu hakim komanda başda olmaqla, hər kəsə savaş açıb, sərt mesajlar ünvanlayıb.
O həm də özünün qurulmasında yaxından iştirak etdiyi sistemi söküb-dağıtmağa, zədələməyə həvəsli görünür. Görünən odur ki, “Boz kardinal” dirənməyə davam edəcək. Acınacaqlı və gülməli durum da odur ki, R.Mehdiyev ölkə müxalifətində yer alanları “cib müxalifəti” adlandırır. Onun bu açıqlamaları hakimiyyət komandasının öz daxilində, həmçinin iqtidara yaxın şəxslərdə daha çox etiraz doğurub.
Azərbaycan Liberal Demokrat (ALDP) sədri Fuad Əliyev bəzi ehtimallarını irəli sürdü:
“Hörmətli Ramiz Mehdiyev bəzi müxalifət nümayəndələri və deputatlar haqqında nə deyibsə, düz deyib. Biz bunu deyəndə hardasa ehtimal edib deyirdik. Amma Ramiz müəllim nəyəsə əsaslanıb deyir. Nəyəsə deyəndə ki, özünün, vaxtı ilə Administrasiya rəhbəri olduğu dövrdə təyin etdiyi deputatları, ”cib müxalifəti" deyəndə isə AXCP və Müsavatı nəzərdə tutur. Digər partiyalar var ki, onlar hələ ki, gözləmə mövqeyindədirlər. Ramiz Mehdiyev bunları nəzərdə tutub. Bunlara deyir ki, “niyə mənim çörəyimi yemisiz, indi mənə qarşı çıxırsız?”. Bir az keçəndən sonra bu partiyalar ona siyasi dəstək verəcəklər. Necə ki, Əli İnsanova verdilər, indi də çalışırlar Eldar Həsənova bəraət qazandırsınlar. Ramiz Mehdiyevin yaratdığı şəbəkə hələ ki güclüdür. Hökumətdə, parlamentdə kifayət qədər onun təyin etdiyi adamları var. Ona görə də o müqavimət göstərir. Amma bütün bunlar boş seylərdir. O başa düşməlidir ki, onun dövrü bitib, bununla razılaşmalıdır. Öz istəyiylə istefaya getməlidir. Sivil ölkələrdə bunun yolu belədir. İkinci yol onun dövlət başçısının fərmanı ilə vəzifəsindən kənarlaşdırmaqdır. Fikrimcə, birincini seçsə daha düzgün olar. Hər şeyi vaxtında etmək lazımdır".
/Yeni Müsavat/