ALDP sədri: Dövlət bunları kənara qoyanda 10 nəfərdən ikisi mütləq xarici təsirlərə düşəcək

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Versus.az-a müsahibə verib.  

- Fuad bəy, bəllidir ki, ölkəmizin Rusiya, Ermənistanla üçtərəfli razlaşması var. Baş verən hadisələr göstərir ki, Rusiya ilə Ermənistan öhtəlikləri yerinə yetirmir. Sərhəddə yenə şəhidlər veririk. Ermənistan öz niyətindən əl çəkmir. Bu proses nə vaxta qədər davam edəcək, hansı qəti addımlar atılmalıdır?

- Öncə onu deyim ki, ölkə Prezidenti yerli mətbuata verdiyi son müsahibədə də bu vəziyyətdən narahatlıq ifadə edib. O, sülhməramlıların mandatdan kənar fəaliyyətini vurğulayıb, tənqid edib. Lakin atəşkəsin əldə olunması baxımından fəaliyyətini normal qiymətləndirib.

Fikrimcə, ermənilərin təxribatları davamlı olcaq. Biz öz tərəfimizdən antiteror əməliyyatlarına başlamalıyıq, gecikirik. Ərazi bizimdir. Biz sərhədləri gücləndirib özümüz orda durmalıyıq ki, o təxribatlar törədilməsin. Ermənistan öz öhtəliklərini yerinə yetirməyə məcbur edilməlidir. Düzdür, müharibədən sonra danışıqlar aparırıq. Biz beynəlxalq təşkilatların Ermənistana qarşı qəbul olunan sənədlərə necə laqeyd yanaşıldığını görmüşük. Biz BMT-nin 4 qətnaməsini yenə də özümüz yerinə yetirdik. Biz bu münasibəti 28 il gördük. Və atəşkəs şəraitində hər gün şəhidlər verirdik. Daha 28 il də gözləyə bilmərik. Dərhal antiterror əməliyyatlarına başlamalıyıq, Qarabağda terorçular var, başqa yolumuz yoxdur. “Laçın dəhlizi” mütləq bağlanmalıdır. Mütləq orda bizim əsgərimiz durmalıdır. Biz 44 günlük müharibədən sonra üçtərəfli sazişə əsasən “Laçın dəhlizi”nin qalması ilə ona görə razılaşdıq ki, erməni siahlıları ordan çıxsınlar. Artıq görürük ki, nə silahlı ermənilər çıxır, nə də başqa proseslər baş verir. Ona görə birinci “Laçın dəhlizi” bağlanmalıdır. Biz “Laçın dəhlizi”nə nəzarəti ələ alıb, yenə sülhməramlılara mesaj verməliyik ki, baxın biz burdayıq. Ya silahı ermənilərin əllərindən alın, onları Ermənistana aparın, ya da antiterror ənməliyyatlarına başlayırıq. Nəyə görə oturub gözləməliyik. Azərbaycan vətəndaşı normal yaşamalıdır. Bu gün işğaldan azad olunan ərazilərimizdə beynəlxalq aeroportlar, yollar, evlər tikilir. Silahlı erməni çıxarılmasa, sərhədlərin təhlükəsizliyinə özümüz nəzarət etmiriksə, vətəndaşlarımız hər an təhükə altında qalacaq. Belə olmamalıdır.

- Beynəlxlq aləmin, böyük dövlətlərin - Fransanın, ABŞ-ın Azərbaycana qarşı qərəzli, ikili, haqsız yanaşmaları davam edir, ölkəmizə qarşı təsirlər səngimir. Bir çox ekspertlər onun üzərində dayanırlar ki, xarici güclər ölkə içində özlərinə tərəfdarlar yığıb, istədikləri vaxt həmin qurupları aktivləşdirərək, dövlətə qarşı istifadə edə bilərlər. Buna “5 ci kolon” da deyilir. Bu istiqamətdə hansı islahatlar getməldiir?

- “5-ci kolon” deyəndə tək Rusiyanın təsiri altında olanları qeyd etməzdim. Burda ABŞ-ın, İranın da təsiri altında olan kolonlar var. Dövlət Təhlükəsizlik Xidməti son dövürdə bu istiqamətdə çox işlər aparır. İranla bağlı müəyyən həbslər oldu və onun burdakı bir dini Mərkəzi bağlandı. İnanıram ki, Qərb, Rus kolonların qarşısının alınması üçün də işlər görülür. Məsələ budur ki, xarici təsirləri azaltmaq üçün özümüz nə edirik, yaxud nə etməliyik. Sual verirəm: niyə bizim güclü dövlətimiz vətəndaşlarla yaxından işləmir. Hansılar ki, sonradan kolonların təsiri altına düşürlər. Niyə hökumət partiyalarla, mətbu orqanlarla, QHT-lərlə işləmir.  Dövlət bunları kənara qoyanda 10 nəfərdən ikisi mütləq xarici təsirlərə düşəcək. Partiyalar var ki, mövqelərindən aydın olur ki, hansısa başqa ölkəyə bağlıdır. Niyə həmin təşkilat başqa dövlətin təsiri altına düşüb kimlərinsə sifarişlərini almalıdır. Dövlət hamınındır. Biz hamımız öz əməyimizi qoyub onu gücləndirməliyik. Niyə potensiallı gənclər çıxıb ölkədən getməlidir. Niyə burda yaşayıb öz dövlətinə xeyir verməsin. Hökumət bu barədə düşünməlidir.

- Necə hesab edirsiz, niyə bu problem hələ də qalır?

- Bizim hakimiyyətdə gedən islahatlar yarımçıq qalıb. Prezident özü də son müsahibəsində yeni təyin olunan kadrlarla bağlı tənqidi fikrini bildirdi. Maraqlıdır, bəs onlar kimin təsiri altındadır. Bizdə xoşlayırlar ki, hamını “5-ci kolona” yapışdırsınlar. Lakin görünən odur ki, hakimiyyətdə kadr potensialı tükənib. Müxalifət partiyalarında o kadrlar var.

Mən vaxtilə hakimiyyətdə olan müxalifəti demirəm. Mən digər yeni yaranan müxalifət partiyalarını deyirəm. Yeni gənc, normal düşüncəli müxalifətdən danışıram. Hakimiyyətdə olan müxalifət heç nə etməyib, dağıdıb. Bir misal çəkim: Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra bütün dəmir reysləri, kabelləri çıxarıb satdılar İrana. Bilgəhi darmadağın etdilər. Mən təkcə öz gördüyümü deyirəm. Amma XC-də olan normal kadrlar var ki, onlar keçmişi keçmişdə qoyub, düzgün fəaliyyət göstərirlər.

- Siyasi partiyaların fəaliyyəti niyə görünmür?

- Fəaliyyətimizin görünməsi üçün parlamentdə təmsil olunmalıyıq. Parlamentə 2-3 partiya var ki, nəsə edir. Qalanları heç bir iş görmür. Proporsional seçki bərpa olunmalı, partiya daxilində sağlam iş getməlidir. Bundan sonra mətbuat da görəcək ki, partiyalarda sədrdən başqa da adamlar var, rayon təşkilatları var. İndi biz özümüzü harda göstərək? İnternet kanalları olmasa hansı kanallara çıxacağıq? Müharibə dövündə televiziyalara dəvətlər olurdu. Müharibə bitdi, dəvətlər də bitdi.

- Arada mitinqə çıxın görünün, bu mümkündür?

- Mitinqə çıxmaq xatirinə küçələrə çıxmaq düzgün deyil. Çıxsaq, o da fəaliyyət olmayacaq. Biz onsuz da danışırıq, internet kanallarına çıxırıq, mətbuata çıxırıq. Lakin kütlənin bizi tanıması üçün seçki meydanı lazımdır. O da proporsional seçkidən keçir.

- Seçkiyə hazırlaşırsızmı?

- Partiyamız 23 ildir yaranıb. Biz ilboyu seçkiyə hazırlaşırıq. Seçkidən seçkiyə yox. Partiya belə bir quruluşdur ki, ordan gedənlər, gələnlər var. Ona görə də seçki mövzusu daim müzakirə olunur. Sabah boş qalan yerlərlə bağlı parlament seçkiləri olanda, artıq komandamız bilir nə edəcək. Biz çalışırıq vətəndaşların problemləri ilə məşğul olaq. Bizim hüquqşünaslarımız vətəndaşların iddia ərizələrinə baxıb onlara kömək edir, müəyyən nazirlik, komitə ilə vətəndaşların adından danışırıq. Hər halda vətəndaşın yanında olmağa çalışırıq və kömək edirik. Lakin bütün problemlərin çözümü bir-birinə bağlıdır...

0.14425802230835