“Ermənistan Azərbaycana sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün yazılı təkliflər göndərib”.
“Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Təkliflər sərhəddə prosesin başlanmasını asanlaşdıracaq vəziyyətin yaradılmasına aiddir.
“Bu, xəritələr və ya sovet dövrünün xəritəsi nəzərə alınmaqla, qoşunların ”güzgü prinsipi" ilə çıxarılmasına və sərhəd qoşunlarının sərhəd boyu yerləşdirilməsinə aiddir", - Qriqoryan deyib. Qeyd olunur ki, Azərbaycandan buna, hələ ki, yazılı reaksiya olmayıb. Lakin çox keçmədən İrəvan bu açıqlamanı geri oxuyur və Bakıya hər hansı şərt irəli sürülmədiyini açıqlayır.
Lakin rəsmi Bakı sərhəddən öz qoşunlarını geri çəkəcəyi haqda heç bir bəyanat, açıqlama verməyib. Brüsseldə guya belə bir razılıq əldə olunubsa, o zaman Azərbaycan tərəfinə təzədən yazılı şəkildə təklif (şərt) göndərmək, üstəlik, buna yazılı cavab gözləmək hansı zərurətdən və məntiqdən doğur?
Göründüyü kimi, məğlub ölkə yenə oyun oynayır, hətta qalib Azərbaycana şərt irəli sürür. Erməni həyasızlığı gerçəkdən də bitmir. Bakının cavabı isə indidən aydındır: şərt qəbul edilməyəcək. Çünki qoşunlarımız öz sərhədlərimizdə dayanıb - sovet xəritələri əsasında, Azərbaycan SSR-in sərhədlərində, BMT-nin tanıdığı sərhədlərdə! O zaman niyə “ağrımayan başımıza dəsmal bağlamalı”, delimitasiya bitənədək qoşunları “simmetrik qaydada” geri çəkməliyik? Üstəgəl, Gürcüstan, Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası zamanı belə bir anlaşma olmayıb.
Aydındır ki, bu yalnız Ermənistana sərf edə bilər. Çünki yenə ərazi ilhaqına ümid edir. Halbuki sərhədlər dəqiqləşsə, Ermənistan bizə hələ yenə torpaqlar qaytaracaq.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Ermənistanın hər hansı şərt irəli sürməyə nə hüquqi, nə mənəvi haqqı çatır:
“Üçtərəfli saziş var və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Qoşunların ”güzgü prinsipi" ilə çıxarılması absurd yanaşmadır və ermənilərin yeni əraziləri öz nəzarətinə keçirmək niyyətidir. Amma Ermənistanın Xarici İşlər Nazirliyinin açıqlaması göstərdi ki, hakim komanda daxilində monolitlik yoxdur və hər ağızdan bir söz eşidilir. Ümumiyyətlə, Paşinyan hökumətinin oturuşmuş müstəqil siyasəti yoxdur. Onlar gah Rusiyanın, gah Fransanın, gah Amerikanın maraqlarından çıxış edirlər. İstənilən halda delimitasiya prosesi həyata keçiriləcək, amma bu, bir günün işi deyil, uzun zaman ala bilər".
ALDP sədrinin fikrincə, İrəvan təklif irəli sürə bilər, ancaq heç bir halda şərt qoya bilməz:
“Sərhədlərin müəyyənləşdirilməsi üzrə İşçi Qrupu var və məsələlər orada həllini tapmalıdır. Ancaq biz prosesin olduqca ləng getdiyini görürük. Bu da Paşinyan hakimiyyətinə təzyiqlərdən irəli gəlir. Əgər delimitasiya başlasa, sovet xəritələrinə əsasən bəzi ərazilər bizim nəzarətimizə keçəcək, erməni müxalifəti isə o zaman Paşinyanı satqınlıqda ittiham edəcək. Ona görə hakimiyyət ictimai rəyi alışdırmağa çalışır. Eyni zamanda, sərhədlərin 1926, yoxsa 1972-ci illərin xəritələrinə istinadən çəkilməsi hələlik cavabsız qalmaqdadır”.
Erməni tərəfinin yeni təkliflərinin olduğunu və onların Bakıya çatdırılacağını ilk dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında demişdi. O bildirmişdi ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək. Lavrov elə həmin mətbuat konfransında xırdalığına varmadan prosesin mürəkkəb olacağını da demişdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Bakıya təkliflərin bəzi təfərrüatını açıqlamışdı. XİN başçısı bildirmişdi ki, İrəvan delimitasiya prosesinə başlanması üçün hər iki ölkənin silahlı qüvvələrinin sovet dövrü sərhədlərindən simmetrik geri çəkilməsini istəyir. Azərbaycan XİN başçısı Ceyhun Bayramov İrəvanın delimitasiyanın başlanması üçün irəli sürdüyü ön şərtlərin qeyri-məqbul olduğunu bildirmişdi...