Karantin rejimin yumşaldılması və əhalinin arxayınlaşması koronavirusa yoluxma və ölüm sayının artmasına səbəb olub. Bunun qarşısını vaxtında almasaq, vəziyyət daha da gərginləşəcək.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Rəyasət heyətinin katibi Nizami Verdiyev bildirib.
Onun fikrincə, son günlərdə Azərbaycanda youxma və bununla bağlı ölüm hallarının artması cəmiyyəti narahat etməkdədir:
"İki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün 1220 nəfərdir, ölüm sayı da gündə 3-5 arasıdır. Bu rəqəmlər əməli tədbirlərin həyata keçirilməsinin vacibliyinə işarədir. Cəmiyyətdə maarifləndirmə işlərini sürətləndirmək lazımdır.
Karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub".
ALDP rəsmisi vurğulayıb ki, vəziyyət belə davam edərsə, vətəndaşlarımız prosesə laqeyid münasibət göstərərlərsə, sərt karantin rejiminin yenidən tətbiqi qaçılmaz okacaq:
"Niyə həyatımızı bilərəkdən təhlükəyə atmalıyıq. Karantin rejimin yumşaldılmasına baxmayaraq, əvvəlki qaydada hökumətin qaydalarına riayət etməklə sağlamlığımızı qorumalıyıq" .