“Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda ciddi dəyişikliklər baş verib və yeni reallıqlar yaranıb. Əlbəttə ki, regionda yaranmış vəziyyət yeni yanaşmalar tələb edir”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
ALDP sədrinin sözlərinə görə, indiki məqamda regionda yaranan yeni reallığa beynəlxalq aləmin diqqətini cəlb etmək mühüm əhəmiyyət daşıyır:
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda videoformatda keçirdiyi tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti tam dəyişib və hazırda Cənubi Qafqaz üçün yeni yanaşmaya ehtiyac duyulmaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi, Cənubi Qafqaz regionunda fəal əməkdaşlıq və inteqrasiya imkanları yaranıb. Yeni nəqliyyat-kommunikasiya xətlərinin və dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri yararlanacaq”.
Fuad Əliyev onu da əlavə edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi indiyədək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüb:
“Mərkəz 44 günlük Vətən müharibəsi günlərində, həmçinin qələbədən sonra ölkəmizin ərazi bütövlüyünə və haqq işinə dəstək verib. Hazırda qlobal platformaya və nüfuzlu quruma çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi müzakirələrdə Prezident İlham Əliyevin bir daha regionda baş verənləri, yaranan yeni reallıqları beynəlxalq aləmin diqqətinə çatdırması da mühüm önəm daşıyır”.