"Orada dövlət dili Azərbaycan və "Artsax" dili olmalıdır"
Baku News-un məlumatına görə bunu Baxar.az-a mühacirətdə yaşayan Əlikrəm Hümbətov açıqlamasında bildirib.
Ermənistan kütləvi informasiya vasitələrində Dağlıq Qarabağda rəsmi "dövlət" dilinin rus dili olacağı barədə məlumatlar dərc olunur. Məlumatlarda qeyd olunur ki, bu qərarı həm də "Artsax" xalqı tələb edir.
Yayılan məlumatlar Azərbaycanda xeyli narazılığa səbəb olub. Siyasilər bildirir ki, dövlət dili Azərbaycan dilidir, Qarabağda da eynilə.
BAXAR.AZ-a açıqlama verən hazırda mühacirətdə yaşayan Əlikrəm Hümbətov bildirib ki, Qarabağda dövlət dili Azərbaycan və "Artsax" dili olmalıdır:
"İndidən özünü aldatmaq ilə deyil, hazırki real vəziyyətə və ölkə mənafeyinə uyğun, qəti həqiqət, cəsarəti tapıb deməklə ölkə daxilində veriləcək status elan ediləcəyi təqdirdə Qarabağda dövlət dili Azərbaycan (türk) dili və "artsax", bəli, "artsax" dili olmalıdır. O dil erməni dili deyil!"
"Artsax"la Ermənistan arasında hansı fərq var, hər ikisi eyni millət deyilmi? Suala cavab verən Ələkrəm Hümmətzadə bildirib ki, onlar eyni millət deyil:
"Xeyr, ən böyük səhvlərdən ən başlıcası onları eyni millət hesab etməkdir".
Baku News bununla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət etdi.
ALDP sədri Fuad Əliyev azad olunan torpaqlar Azərbaycan ərazisi olduğuna görə, dövlət dili – Azərbaycan dilin olduğunu qeyd edib:
“Hamı bilir ki, “Arsak” və ya “Arsax” – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. Vaxtı ilə Indiki Qarabağ ərazisi və ondan cənubda olan bəzi ərazilər “Arsak” adlanırdı. İndi Əlikrəm Hümbətov bunu nəzərdə tutursa, onda çox sağ olsun ki, biz türkləri fikirləşir. Azərbaycan dili türk dili qrupuna aid olduğuna görə buna ehtiyac yoxdur. Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri, dost olduğu ermənilərə desin. Əlikrəm Hümbətov bunu başa düşübsə, yaxşıdı. İndi ermənilərə başa salsın. Azərbaycanın dövlət işlərinə qarışmasın. Azərbaycan Konstitusiyasında bir dil dövlət dili kimi qəbul olunub, bu da Azərbaycan dilidir. Azad olunan torpaqlarda Azərbaycan ərazisi olduğuna görə, dövlət dili - Azərbaycan dilidir.”