Dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində tədbirlər görülüb. Ölkədə tətbiq edilən karantin rejimi çərçivəsində koronavirusa yoluxma sayına nəzarət edildi.
Azərbaycanda pandemiya ilə mübarizədə mövcud laboratoriyaların sayı artırılaraq 42-yə çatdırıldı.
Artıq insan orqanizminə təhlükəsiz olan, müvafiq sınaqlardan keçən vaksin artıq bir çox ölkələr tərəfindən sifariş olunub.
Əbəs yerə deyil ki, ölkə başçısı İlham Əliyev ilk gündən pandemiya ilə mübarizə çərçivəsində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib. İlham Əliyev öz çıxışları zamanı bütün ölkələri bu bəlaya qarşı mübarizədə həmrəyliyə çağıraraq, ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib.
Bu azalma isə insanların görülən tədbirlərin zəruriliyini anlaması və sərt qaydaları anlayışla qarşılamasının nəticəsidir. Əvvəlki dövrlə müqayisədə əhali arasında karantin qaydalarının pozanların sayı da azalıb. Hər kəs bir nəfər kimi öz üzərinə düşən məsuliyyəti dərk edir və dövlətin onların sağlamlığı üçün atdığı addımları dəstəkləyirlər.
Pandemiya ilə mübarizədən danışarkən həkimləri, tibb işçilərini unutmaq olmaz. Həkimlər də ölkədə aparılan qabaqlayıcı tədbirlərin nəticəsini gördüklərini deyirlər.
Mövzu ilə əlaqədar pandemiya dövründə öz xidmətləri ilə seçilən, gənc infeksionist Nicat Əzimli fikirlərini bölüşüb.
“Həqiqətən də bu məsələ digər dövlətlərdən fərqli olaraq Azərbaycanda xüsusi diqqətdə saxlanılır. Koronavirusa yoluxma sayında kəskin artımlar müşahidə edilən dövrdə ölkə rəhbərliyinin sərt karantin rejimini tətbiq etməsi yoluxma sayında azalmalara gətirib çıxardı. Bəzən əhali bundan narazılıq etsə də, nəticə onu göstərdi ki, bu addımlar yalnız müsbət nəticələr gətirdi”.
N.Əzimli onu da əlavə edib ki, pandemiyadan tamamilə qurtulmağın tək yolu vaksindir:
İlk olaraq tibb işçiləri, risk qrupunda olan şəxslərin, xəstələrlə yaxın təmasda olanların, yuxarı yaş qrupunda olan və xroniki xəstəliyi olan şəxslərin vaksinasiyasına önəm verilməsi də vacib məqamdır. Düşünürəm ki, bütün bunlar yaxın zamanda COVID-19 bəlasından qurtulmağımıza kömək edəcək”.
Lakin onu da qeyd etmək lazımdır ki, dünyada elə bir vaksin yoxdur ki, virusa qarşı 100 faizlik nəticə versin. Bütün bunlarla bağlı kompleks tədbirlərlə həyata keçirilməlidir. Əbəs yerə deyil ki, koronavirusla mübarizədə “Azərbaycan modeli”nin mahiyyəti beynəlxalq təşkilatlar tərəfindən xüsusilə vurğulanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizə çərçivəsində dəfələrlə müxtəlif ölkələrdə seminarlar keçirib, görülən tədbirlərin qiymətləndirilməsini aparıb. Bu istiqamətdə “Azərbaycan modeli” xüsusi olaraq vurğulanıb.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən məqamlardan biri Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19-a qarşı mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsidir. Rəsmi Bakının bu istiqamətdə irəli sürdüyü bir çox təkliflər dünya ölkələri tərəfindən dəstəklənib, hətta meyar rolunu oynayıb.
"Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir".
"Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?".