“Bu gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı - Quşçu palçıq vulkanı püskürüb”.
Bunu “Report”a açıqlamasında Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.
O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub:
“İlkin məlumata əsasən, püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı üç qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək”.
Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən, bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.