Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan ümumilikdə 37 kiloqram 646 qram narkotik vasitə, o cümlədən, 25 kiloqram 146 qram tiryək, 7 kiloqramdan artıq heroin və 5,5 kiloqram marixuana götürülərək, qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənov Qaradağ rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 70 qrama yaxın tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 20 kiloqramdan artıq tiryək və bir ədəd elektron tərəzi götürülüb.
Yasamal rayonu ərazisində keçirilən digər əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əliyevdən isə 804 qramdan artıq heroin aşkar edilərək götürülüb.