Qızğın döyüşlərin getdiyi yüksəkliklər, şəhidlərimizin adını daşıyan postlar - REPORTAJ + FOTO

27 ildən sonra hər kəs kimi bizim də səbirsizliklə getmək istədiyimiz o gözəl torpaqlarımız... Baxanda ürəkləri dağlayan mənzərəsi olsa da, bu torpaqlar bizimdir.

Ötən günlərdə sizə Suqovuşanda, Füzulidə, Cəbrayılda, Ağdamda müharibədən sonrakı vəziyyət barədə məlumat vermişdik. Bu dəfə isə yolumuz Zəngilanadır.

Zəngilan rayonu qərbdən və şimal-qərbdən Qərbi Azərbaycanla (Ermənistan – Mehri, Qafan rayonları), cənub və cənub qərbdən İran İslam Respublikası, şimaldan Qubadlı və şərqdən Cəbrayıl rayonu ilə həmsərhəddir.

Ərazisi 707 kvadrat kilometr olan Zəngilanda düşmən daşı daş üstündə qoymayıb. Yol boyu uçuq-sökük evlər, dağıdılmış obyektlər, qamışlıq arasında qalan baxımsız sahələri gördükcə insanın ürəyi parçalanırdı. 

Düşmənin dağıdıb, viran qoyduğu bu evlərdə, həyətlərdə neçə insanın xatirəsi var. Uzaqdan olsa da, görünən başıqarlı bu dağlar, dərələr sanki dilə gəlirdi. Yandırılmış torpaqlara, əkin sahələrinə baxdıqca burada gedən döyüşlərin nə qədər ağır olduğunu təxmin etmək çətin olmurdu.

Yol boyu yaşayış olmayan, baxımsız qalan kəndlərdən keçdik. Məmmədbəyli, Babaylı, Üçüncü Ağalı, İkinci Ağalı, İkinci Alıbəyli, Birinci Alıbəyli, Sarıl, Xumarlı, Şəfibəyli, Cahangirbəyli, Tatar, Tiri, Baharlı, Qarakez, Ördəkli, Qaradərə, Çöpədərə, Sobu, Dəlləkli, Qarqulu kəndlərini keçib nəhayət Bartaz qəsəbəsinə çatdıq. 

Bu kəndlərdən Məmmədbəyli və Babaylı kəndlərinin demək olar ki, izi-tozu da qalmayıb. Təsəvvür edin, doğulub boya-başa çatdığınız yurdunuzu yer üzündən silməyə çalışıblar. 

Kəndin aşağısından keçən çay diqqətimizi çəkir. Təəccüblü olsa da, çay sanki heç nə olmamış kimi, 27 il əvvəlkitək axır. Çayın ətrafını isə kol-kos basıb.

Yolumuz hələ davam edir. Bartaz qəsəbəsinin girişində Bartaz dayanacağını ötüb keçdik. Dayanacaqdan sonra Bartaz kəndi gəlir. Kənddə demək olar ki, bir neçə evin alayarımçıq divarları qalıb. 

Bu mənzərə insanı çox incidir. Uzun illərdir öz yurdlarından didərgin düşən insanların bu yazını oxuyanda, fotolara, videolara baxdıqda keçirəcəyi hisslər məni çox düşündürür.

Zəngilanı sözlə ifadə etmək çox çətindir. Bayaq ötüb keçdiyimiz İkinci Ağalı kəndi ilə üzbəüz dağıdılmış məzarlıq gördüm. O məzarlıqda salamat məzar daşı yox idi. Bu hissləri qələmə almaqda sanki söz də acizdir. 

Dağıdılmış, yandırılmış, yerləyeksan edilmiş kəndlərə baxdıqca insanın ürəyi qan ağlayır. Bəlkə də bu kəndlərdə doğulan, böyüyən insanlar belə bu torpaqlarda öz evlərinin yerini tapa bilməyəcək. Amma bütün hallarda bu torpaqlar, quru daşı, uçuq divarları ilə də bizə əzizdir...

Araz çayının sahilində qalan qərib Mincivan...

İrəlidə davam edən yol bizi Mincivan qəsəbəsinə aparır. Digər yaşayış yerlərindən fərqli olaraq burada ermənilər məskunlaşmışdı. Yol boyu bir neçə dağılmış ev gördük. Qəsəbədə daha çox erməni hərbçiləri və yoxsul, acından ölən erməni ailələri yaşayıb. Onlar da kəndi darmadağın ediblər. 

Mincivandan “Bakı-Qafan” dəmir yol stansiyası keçirdi. Mincivan Dəmiryol Stansiyası Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə yerləşirdi. Stansiyadan Culfa-Horadiz-Sarıcalar-Osmanlı-Yeni dəmiryol xətləri keçib.

1993-ci ildə Ermənistan silahlı bölmələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra fəaliyyəti dayandırılıb. Bu, dəmir yolunun ən önəmli stansiyalarından biri olub. 

Əlimizdə olan məlumata görə, Mincivanda təxminən 100-150 evdə yaşayış olub ki, həmin evlərin də yerində ya dağılmış divar, ya da quru torpaq qalıb.

Girdiyimiz evin həyətində bir neçə xurma, nar ağacı var idi. Torpaq o qədər bərəkətlidir ki, ağaclarda meyvəsiz bir budaq görmək olmazdı.

Təəssüf ki, budaqda qalan meyvələri də qurd-quş yemişdi. 

Biz əslən Mehri rayonunun Nüvədi kəndindənik. Yadımdadı ki, anam həmişə Nüvədinin iri, şipşirin narlarından danışırdı. İndi Zəngilanda gördüyüm bu narlar mənə Nüvədi narının sanki əyani sürətini xatırlatdı.

Ən qızğın döyüşlərə şahid olan Vejnəli...

Vaxtımız məhdud olduğundan yolumuza davam edirik. İrəlidə bizi Vejnəli kəndi gözləyir. Yuxarı zirvəyə qalxdıqca hava soyuyur, hərəkət çətinləşirdi. Amma bütün çətinliklərə rəğmən biz yolumuzdan qalmırıq. 

Zəngilanda Bartaz (2270 metr), Şükrataz (1200 metr), Sığırt, və daha 4 adsız yüksəklik var. Adı çəkilən yüksəkliklərdə Vətən Müharibəsinin ən ağır döyüşləri gedib. 

Biz isə indi Şükrataz yüksəkliyinə doğru gedirik.

Hava şəraiti işimizi çətinləşdirir. Maksimum ehtiyala irəliləsək də, risk hər zaman var. Qorxmadım desəm, yalan olar. Bir xeyli ehtiyat etdim. Ucu-bucağı bilinməyən, bu günə qədər ancaq xəyalımda canlanan Qarabağ torpaqlarında bələd olmadığım, üzərinə ağ örpək çəkilən yollarla zirvəyə doğru gedirəm... 

Maşınlar sürüşürdü. Yüksəklikdən aşağı baxanda insanı vahimə basırdı. Nəhayət, çatırıq... 27 ildən sonra işğaldan azad olunan bu ərazilərdə Şükrataz zirvəsinə çıxan ilk mülki şəxslər biz olduq. Bura Ermənistanla sərhəddir. Bu, özü də tarixi bir an deyilmi?

 

Zirvəyə aparan yolda diqqətimizi çəkən isə postlara verilən adlar idi. Zirvəyə çatanda bildik ki, bu yüksəklik eləcə də yol boyu qoyulan adlar Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid və qazi olan Dövlət Sərhəd Qoşunlarının əsgərlərimizin şərəfinə adlandırılıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularından baş leytenantla həmsöhbət olduq. O deyir ki, Zəngilan rayonunun Vejnəli kəndinin işğaldan azad olunmasında iştirak edən qəhrəmanlardan biridir.

Vejnəli kəndində ən vacib strateji obyektlərdən biri olan qızıl mədənin işğaldan azad olunmasında qızğın döyüşlər gedib:

“Ermənilər bu ərazilər qətiyyən geri vermək istəmirdilər. Biz və bizim komandamız isə torpaqlarımız nəyin bahasına olur-olsun düşməndən azad etməliydik və bunu etdik. Bu döyüşlərdə bizim əməkdaşlardan şəhid olan yoldaşlarımızın şərəfinə uğrunda canlarından keçdikləri postlara onların adını vermişik.

Hazırda 1200 metr yüksəklikdə yerləşən Şükrataz zirvəsində bu posta onun azad edilməsində iştirak edən hərbi qulluqçumuzun adı verilib. O öz hərbi xidmətini davam etdirir. Hər birimizin mənəvi psixoloji vəziyyətimiz yüksəkdir, fəxr edirik ki, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmişik. 

Üçtərəfli bəyanat imzalanana qədər düşmən itirdiyi postları geri almaq üçün cəhd etsə də buna nail ola bilməmişdi. Düşmən bundan sonra heç vaxt ürək edib bu postlara qayıda bilməz”.

İstənilən hava şəraitində DSX-nin hərbi qullquçuları müvafiq postlarda xidmətini davam etdirir.

Döyüşlər onu göstərdi ki, ermənilər güclü Azərbaycan ordusunun qarşısında dayana bilmədi. 


Gün son çatmaq üzrədir. Artıq möhtəşəm yerlərlə müvəqqəti də olsa sağollaşmaq zamanıdır. Hər fəsli bir başqa gözəl olan yurdumuz, yenidən görüşmək ümidi ilə...

Onu da deyim ki, Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları var. Vejnəli yatağı 1959-1962-ci illərdə kəşf edilib. 

Azərbaycanın bütün torpaqları səfalıdır, altı da, üstü də başqa xəzinədir...Növbəti görüşlərə qədər Qarabağ...

Könül Cəfərli
Samir İsayev

0.33001780509949