Koronavirus pandemiyası nəticəsində İspaniyaya gələn xarici turist sayı bu il yarım əsrdə ən aşağı səviyyəyə düşə bilər.
Bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, 2020-ci ilin sonuna qədər İspaniyanı (bir il əvvəl 83 milyon turist) 20 milyondan az turistin ziyarət edəcəyi gözlənilir.
Bu il əcnəbilərin ümumi xərcləri 20 milyard avronu keçməyəcək, 2019-cu ildə isə bu rəqəm 92 milyard avroya çatıb.
Bildirilir ki, 1969-cu ildə İspaniyanı demək olar ki, 21,7 milyon, 1968-ci ildə - 19,2 milyon turist ziyarət edib. Ötən il turizm sektoru ölkənin ÜDM-nin 12 %-ni təmsil edirdisə, 2020-ci ildə bu, 4%-dən bir az çox olacaq.
Dekabr ayının əvvəlində Krallığın Milli Statistika İnstitutu bu ilin yanvar-oktyabr aylarında İspaniyaya gələn əcnəbilərin sayının 17,9 milyon olduğunu (keçən ilin eyni dövrünə nisbətən 76,1 % az) açıqlayıb. Bu ilin ilk on ayında İspaniyada turizm xərcləri 2019-cu illə müqayisədə 77,3% azalaraq 18,5 milyard avro təşkil edib.