Rusiya Müdafiə Nazirliyi tərəfindən Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin yenilənmiş əməliyyat xəritəsi dərc edilməsi Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olub.
Buna səbəb xəritədə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulan hüdudları aşan məqamlar var.
Müşahidələr göstərir ki, Rusiya xəritələrlə manipulyasiya etmək və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlərlə öz öhdəliklərini açıq-aşkar pozur. Halbuki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir:
- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir.
Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir.
Xatırladaq ki, dekabrın 12-də Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə 3 hərbçimiz şəhidimiz olub, yaralananlar var.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu məsələdə rəsmi Kremlin tutduğu mövqeyi Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib. Onun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsini Rusiya hələ də həzm edə bilməyib:
“Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında Kremlin rolu danılmazdır. 44 günlük müharibə dönəmində də Rusiyanın Ermənistana silah-sursat ixracı danılmaz faktlardanıdr. Ermənistanın Rusiya silahı ilə Gəncə, Bərdə və Tərtər şəhərlərini vurması yüzlərlə sakinimizin həlak olması da ortalıqdadır. Daima keçmiş MDB məkanını özündən asılı vəziyyətə salmaq üçün müxtəlif iyrənc planlarını həyata keçirən Kreml Azərbaycanda böyük maneələrlə üzləşib. Kreml Türkiyə-Azərbaycan birliyini qəbul edə bilmədiyindən təşviş və narahatlıq içindədir. Ona görə də ərazü bütövlüyümüzə xələl gətirən xəritələri ictimailəşdirir, özündən sərhədlər müəyyənləşdirir. Buna onun ixtiyarı yoxdur”.
Partiya sədrinin fikrincə, Rusiya sülhməramlı missiyası çərçivəsində təxribatçı rolunda çıxış edir. Onun sözlərinə görə, bölgədə Bakının razılığı olmadan Rusiya heç bir addım ata bilməz:
“Rusiya belə təxribat xarakterli addımlar atmaqla Ermənistanı qurban verəcək. Moskva bu barədə düşünməli və bu planlardan geri çəkilməlidir. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, üç dövlət rəhbərləri arasında imazalanan məlum bəyanatın müddəlarına uyğun olaraq Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Amma məlum hadisələrdən sonra görünür, Moskvanın niyyəti bölgədə sülh yaratmaq yox, münaqişəni yenidən alovlandırmaqdır”.