COVID-19 pandemiyasına görə İİV testləri azalıb? - RƏSMİ

“Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İnsanda İmmunçatışmazlığı Virusu (İİV ) testi ilə əhatə nisbəti azalmayıb”.

Bu barədə Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromunu (QİÇS) ilə Mübarizə Günündə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bildirib. 

Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb:

“2020-ci ildə Avropa İİV Test Həftəsi çərçivəsində Azərbaycanda, ənənəvi olaraq, bahar və payız HİV test kampaniyası keçirilib (European HIV Testing Week). Qeyd etmək istərdim ki, “HIV in Europe” beynəlxalq təşkilatının bu təşəbbüsü çərçivəsində AR Səhiyyə Nazirliyi 2013-cü ildən etibarən test kampaniyaları həyata keçirir.

Bu müddət ərzində ölkə daxilində on minlərlə vətəndaş pulsuz testlərdən keçib, vəziyyətlərindən xəbərdar olub, İİV infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında məlumat alıb”.

E.Alməmmədova bildirib ki, Səhiyyə Nazirliyinin və dövlətin həyata keçirdiyi tədbirlərin effektivliyinin başqa bir real nəticəsi İİV xəstələrinin 74,7 faizinin dispanser nəzarətində olması və ÜST tərəfindən tövsiyə olunan müasir sxemlərə əsasən lazımi müalicənin alınmasıdır:

“COVID-19 pandemiyası dövründə Azərbaycanın Səhiyyə Nazirliyinin səyləri ilə antiretovirus terapiyasının təmin edilməsi sabit qalıb: bütün dərmanlar UNDP vasitəsilə alınıb və ölkəyə çatdırılıb.

Səhiyyə Nazirliyi ÜST tərəfindən “C” virus hepatitinin müalicəsi üçün tövsiyə olunan müasir pangenotipik dərmanları alıb. Bu cari ilin 11 ayı ərzində İİV-pozitivli və  “C” virus hepatit ilə birgə infeksiyalı 1034 nəfər pasientin müalicəsini həyata keçirmək üçün imkan yaradıb”.

Həkim damğanın və ayrıseçkiliyin aradan qaldırılması, əhalinin mənafelərinin nəzərə alınması, insan hüquqları və gender bərabərliyinə əsaslanan yanaşmaların tətbiq edilməsinin həm İİV / QİÇS, həm də COVID-19 pandemiyası ilə uğurlu mubarizənin təməl şərtlərindən olduğuna inandığını bildirib.

0.30979180335999