Lənkəranda təcili yardım avtomobili qəzaya düşdü: Yaralanan şəxslərin son durumu AÇIQLANDI

Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.

Bu məlumat Xeber-ps.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"27 noyabr saat 00:20-də üç nəfər (ikisi qadın cinsli, biri kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan 1977-ci il və 1988-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

1956-cı il təvəllüdlü şəxsin isə müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, hazırda vəziyyəti ağırdır", - deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Astaradan Lənkərana xəstə gətirən təcili tibbi yardım avtomobili qəzaya düşüb.

"Report"un məlumatına görə, hadisə Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.

Belə ki, təcili tibbi yardım avtomobili Lənkəran rayon, Şağlaküçə kənd sakini Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi avtomobillə toqquşub.

Nəticədə təcili yardımda olan xəstə Astara rayon sakini, 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova, xəstənin yaxınları - 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.097724914550781