Uqanda iqlim maliyyələşdirilməsinin təkmilləşdirilməsinə və miqrasiya probleminin həllinə çağırır

Uqanda 2025-ci ildə milli səviyyədə müəyyən edilmiş töhfəni (NDC) yeniləmək öhdəliyini təsdiqləyib və iqlim təşəbbüslərinin həyata keçirilməsi üçün maliyyə və texniki dəstəyin artırılmasına çağırıb.

"Report" xəbər verir ki, bu barədə COP29 çərçivəsində keçirilən yüksəksəviyyəli görüşdə Uqandanın su ehtiyatları və ətraf mühit naziri Beatris Enivar bildirib.

O, inkişaf etməkdə olan ölkələr üçün kifayət qədər iqlim maliyyəsi olmamasından narahatlığını ifadə edib və daha effektiv dəstək mexanizminin yaradılmasına çağırıb.

"Biz bu cür fondlara çıxışda tez-tez çətinliklərlə üzləşən həssas ölkələr üçün daha asan çıxışı təmin edəcək maliyyə yardımına bel bağlayırıq", - Enivar deyib və iqlim maliyyələşdirilməsinin uğurlu fəaliyyətin açarı olduğunu vurğulayıb.

Bundan əlavə, o, Afrikada, xüsusilə qadınlar və uşaqlar arasında, artan iqlimlə bağlı miqrasiya problemindən narahatlığını ifadə edib və problemin regional həlli üçün Miqrasiya və İqlim Dəyişikliyi üzrə Kampala Nazirlər Bəyannaməsinin əsas kimi qəbul edilməsini təklif edib.

"Ümid edirik ki, COP29 İtki və Zərər Fondunun işini sürətləndirəcək və həssas icmaların bu vəsaitlərə çıxışını təmin edəcək", - Enivar əlavə edib.

O, həmçinin Uqanda Prezidenti Yoveri Kaquta Museveninin salamlarını çatdırıb: "Prezident İlham Əliyevi və Azərbaycanın bu COP-dakı sədrliyini təbrik etmək istəyirəm. Uqanda COP sədrinin iqlim ambisiyaları və fəaliyyətləri məsələlərində heç kimin kənarda dayanmaması ilə bağlı mövqeyini dəstəkləyir".

0.11941385269165