Kəndlərdən olimpiya çempionları "çıxaranlar": "Qolumu itirdiyimi gördükdə məni idmana dəvət etdi"

Oktyabrın 30-u Beynəlxalq Məşqçilər Günüdür. Azərbaycan idmançılarının böyük uğurlar qazanmasında əməyi olan peşəkar məşqçi heyətini bu əlamətdar gün münasibətilə təbrik edir, onlara daha da yüksək nailiyyətlər arzulayırıq.

Bu təbriklərə qatılan yunan-Roma güləşçisi, dünya və Avropa çempionu Rəsul Çunayev Xeber-ps.com-a açıqlamasında ilk məşqçisi İsmayıl Çöpsiyev barədə danışıb.

"Öz şəxsi məşqçim İsmayıl Çöpsiyevə təşəkkür edirəm. Həyatımda əldə etdiyim bütün nailiyyətləri ona borcluyam. O olmasa idi, indi harada idim, heç özüm də bilmirəm. İsmayıl müəllimin timsalında bütün məşqçiləri təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzu edirəm. Bütün məşqçilərə həvəslə, səbirlə öz yollarına davam etməyi arzulayıram. Çünki rayonlardan, kəndlərdən Olimpiya, dünya və Avropa çempionları çıxaranlar məhz bu şəxslərdir. Hər birini səmimi-qəlbdən təbrik edirəm".

Paris-2024 Paralimpiya Oyunlarının bürünc mükafatçısı Sabir Zeynalov məşqçisinə onu idmana gətirdiyi üçün Xeber-ps.com vasitəsilə təşəkkür edib:

"Mənim ilk şəxsi məşqçim elə hazırda da məni çalışdıran Vüqar Şükürovdur. 313 saylı tam orta məktəbdə təhsil alarkən orada bədən tərbiyəsi dərsini bizə Vüqar müəllim keçirdi. İlk dərsdə qolumu itirdiyimi gördükdən sonra həmsöhbət olduq və mənə belə bir idman növünün olduğunu dedi, dəvət etdi. 2018-ci ildə həm onun yanında, həm də milli komandaya baş məşqçimiz Fərid Tağızadə tərəfindən dəvət olunduqdan sonra məşq etməyə başladım. Hər bir məşqçi öz tələbəsinin əziyyətini çəkir və canından can gedir. Hər iki məşqçim mənim böyük əziyyətimi çəkib. Məşqçilərimə təşəkkür edirəm, çünki bütün uğurlarımı onlara borcluyam".

Beynəlxalq Məşqçilər Günü ilə bağlı sambo və cüdo güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Tərlan Poladovun da fikirlərini öyrəndik.

Tərlan Poladov Xeber-ps.com-a açıqlamasında öz müəllimindən bəhs etdi:

"Mənim ilk məşqçim Azərbaycanın cüdo üzrə milli komandasının ilk baş məşqçisi Ağarza Əhmədov olub. Cüdo tarixində Moskvada seminarda ilk dəfə çıxış edən mənim müəllimim olub. Onun bizə yanaşması, keçdiyi məşqlər, tövsiyələri bizə çox böyük təsir edib. Belə ustadlar - yəni həm məşqçi, həm də pedaqoqlar çox azdır. Öz həmkarlarıma da uğurlar arzu edirəm! Medal sayımız nə qədər çox olsa, daha gözəl olar!"

Anar Həsənov

0.072034120559692