Məhkəmə arvadı və qızlarına əzab verən şəxslə bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən C.Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 1 oktyabr 2023-cü il tarixində saat 21 radələrində Siyəzən şəhərinin Xətai küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, C.Süleymanov yedikləri yeməyin yaxşı olmamasını bəhanə edərək yumruqla arvadının baş nahiyəsinə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. O, bir neçə gün sonra yetkinlik yaşına çatmayan qızlarına köynəyini gətirməməsi səbəbindən yumruqla onların başına və bədəninin müxtəlif nahiyələrinə vurmaqla xəsarət yetirib. Daha sonra C.Süleymanov şüşə külqabını həyat yoldaşına atıb.

Beləliklə o, ailə üzvlərinə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verib.

Siyəzən Rayon Məhkəməsinin hökmü ilə C.Süleymanov 2 il müddətinə azadlıqdan məhrum edilib.

8.9147961139679