Dünyada bu proqramların təhsil sisteminə inteqrasiyası sürətlə artmaqdadır. STEAM təhsili digər bacarıqları geridə qoymur, əksinə, akademik uğuru həyat bacarıqları ilə balanslaşdıraraq şagirdlərin hərtərəfli inkişafına dəstək olur.
STEAM təhsili (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) dünyanın hər yerində təhsil islahatının mərkəzindədir və getdikcə daha çox önəm kəsb edir. Mütəxəssislər israrla bildirirlər ki, bu gün XXI əsr bacarıqlarına sahib fərdləri yetişdirməyin yolu STEAM təhsilindən keçir.
STEM/STEAM təhsil metodu ölkəmizdə də geniş yayılmaqdadır. Bəs bu dərslərin tədrisi ölkəmizdə hansı səviyyədə həyata keçirilir?
"Kaspi" qəzeti Çin Xalq Respublikasında çalışan azərbaycanlı müəllim Rüfət Əsədzadə ilə müsahibədə bu sualın müqayisəli cavabını tapmağa çalışıb.
- Rüfət müəllim, STEAM təhsili akademik uğura necə təsir edir? Uşaqların digər bacarıqlarını geridə qoymur ki?
- STEM (Science, Technology, Engineering, Mathematics) və STEAM (STEM+Arts) təhsil proqramları müasir dövrdə məktəblərdə elmi biliklərin praktiki tətbiqinə, yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişafına xüsusi diqqət ayırır. Dünyada bu proqramların təhsil sisteminə inteqrasiyası sürətlə artmaqdadır. STEAM təhsili digər bacarıqları geridə qoymur, əksinə, akademik uğuru həyat bacarıqları ilə balanslaşdıraraq şagirdlərin hərtərəfli inkişafına dəstək olur. STEAM sahələri bir-biri ilə əlaqəli şəkildə öyrədildiyi üçün şagirdlər fənlərarası yanaşmanı mənimsəyir və daha dərindən öyrənmə bacarığı əldə edirlər. Bu da xüsusilə elmi və riyazi biliklərin daha yaxşı qavranılmasına, mühəndislik və texnologiyaya marağın artmasına səbəb olur. STEAM təhsili akademik biliklərlə yanaşı, bir çox digər həyati bacarıqların da inkişafına xidmət edir, uşaqların dünyanı daha yaxşı başa düşməsinə kömək edir və şagirdlərin hərtərəfli olaraq formalaşmasına imkan yaradır.
- Bu təhsilə yiyələnmək iş dünyasında hansı üstünlükləri vəd edir?
- Müasir iş bazarının tələbləri getdikcə dəyişir və STEAM təhsilinin öyrətdiyi yaradıcı düşüncə, problemlərin həlli, texnologiyadan səmərəli istifadə, komandada işləmə kimi bacarıqlar işçilərin bazarda rəqabətqabiliyyətli olmasına kömək edir. Dünyada işəgötürənlər getdikcə STEAM bacarıqlarına malik namizədlərə üstünlük verirlər. Bir çox inkişaf etmiş ölkələr, xüsusilə ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Asiya ölkələri (Çin, Sinqapur, Cənubi Koreya) STEAM təhsilinə ciddi sərmayə qoyur və bu sahələrdə bacarıqlı işçilərin hazırlanmasına xüsusi diqqət yetirir. Bu ölkələrdə STEAM təhsili həm iqtisadi inkişafın, həm də innovativ sahələrin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. STEAM təhsili alan şəxslərin iş bazarında daha yüksək maaşla işləmək imkanı və karyera perspektivləri də genişdir. Texnologiyanın inkişafı, rəqəmsal transformasiya və innovasiyaların sürətli şəkildə tətbiq edilməsi ilə bağlı olaraq STEAM bacarıqları ilə təchiz edilmiş kadrlar dünya əmək bazarında hər zaman tələb olunur və yüksək qiymətləndirilir.
- STEAM təhsili Çində necə tədris olunur?
- Çində texnologiya və mühəndislik sahələrində lider olmaq üçün məktəblərdən başlayaraq STEAM bacarıqlarının inkişafına böyük önəm verilir. Ölkədə STEAM təhsili dövlət səviyyəsində təşkil olunur və bu sahədə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. STEM və STEAM dərsləri həmin sahə üzrə mütəxəssis olan müəllimlər tərəfindən keçirilir. Bu da dərslərin keyfiyyətini artırır və şagirdlərin dərin biliklər əldə etməsinə imkan yaradır. Məktəblər bu istiqamətdə lazımi infrastrukturla təmin olunur. Laboratoriyalar, texnologiya mərkəzləri və innovativ tədris resursları ilə zəngin təhsil mühiti yaradılır. Çin təhsil sisteminin STEAM sahəsində əldə etdiyi uğurların səbəbi mütəxəssis müəllimlərin bu dərsləri keçməsi və praktiki, layihə əsaslı təhsil metodlarının geniş tətbiqidir.
- Qeyd etdiniz ki, dünya ölkələrində bu fənni peşəkarlar tədris edir. Bizdə STEAM-ın tədrisi hansı səviyyədədir?
- Azərbaycanda STEAM təhsilinin tətbiqi son illərdə artmağa başlasa da, bu sahədə müəyyən problemlər mövcuddur. Azərbaycanda bir çox məktəblərdə STEAM dərslərinin keçirilməsi qeyri-ixtisas müəllimlərinə - Azərbaycan dili və ya digər humanitar fənn müəllimlərinə tapşırılır. Müəllimlərin kifayət qədər hazırlıqlı olmaması dərslərin keyfiyyətinə mənfi təsir göstərir. Bu yanaşma, STEAM təhsilinin əsas məqsədi olan tənqidi və yaradıcı düşüncə, problem həll etmə və praktiki tətbiq bacarıqlarının şagirdlərə çatdırılmasında çətinlik yaradır.
Digər bir problem isə bəzən STEAM dərslərinin yalnız müəllimlərin dərs saatlarının artırılması və bununla da rifah səviyyəsinin yüksəldilməsi məqsədi ilə tədris edilməsidir. Bu isə şagirdlərə effektiv və məqsədyönlü STEAM təhsilinin verilməsini çətinləşdirir. Belə yanaşmaların nəticəsində dərslərin keyfiyyəti azalır və şagirdlər əsas bilikləri və bacarıqları qazanmaqda çətinlik çəkirlər.
- Azərbaycanda mövcud STEAM mərkəzləri və laboratoriyaların fəaliyyəti necə, qənaətbəxşdirmi?
- Təəssüf ki, Azərbaycanda mövcud STEAM mərkəzləri və laboratoriyaların fəaliyyəti də istənilən səviyyədə deyil. Çox zaman bu mərkəzlər tam potensialı ilə istifadə edilmir və mövcud imkanlardan yalnız minimum səviyyədə istifadə olunur. Laboratoriyaların təchizatı, avadanlıqların mövcudluğu və müəllimlərin bu avadanlıqlardan istifadə bacarıqları məsələsi də tədrisin keyfiyyətinə təsir göstərir.
- Sizcə, fənnin tədrisinin keyfiyyətini artırmaq üçün hansı işlər görülməlidir?
- İlk növbədə STEAM dərslərinin tədrisi üçün ixtisaslı müəllimlər hazırlanmalı və bu müəllimlərə lazımi təlimlər verilməlidir. STEAM təhsilinin şagirdlərə praktik bilik və bacarıqlar qazandırmasını təmin etmək üçün layihə əsaslı təhsil modelləri tətbiq olunmalı və dərslərin məqsədli şəkildə tədrisi təmin edilməlidir. Həmçinin laboratoriyaların və STEAM mərkəzlərinin səmərəli fəaliyyəti üçün müəllimlərə bu avadanlıqlardan istifadə bacarıqları aşılanmalıdır. Çində tədris olunan STEAM təhsilinin uğurlarından nümunə götürülərək Azərbaycanda bu sahədə inkişafın təmin olunması mümkündür.