"Tək olanda "səslərlə" qarşılaşan bir çox insan ilk növbədə şizofreniya haqqında düşünür. Lakin, belə olmaya bilər, bu simptomu yaradan bir sıra digər amillər də mövcuddur".
Xeber-ps.com-ın verdiyi məlumata görə, rusiyalı ali ixtisas kateqoriyalı psixiatr-psixoterapevti, psixokataliz üzrə mütəxəssis Aleksandr Kudryaşov bununla bağlı Aif.ru-ya danışıb.
Onun sözlərinə görə, bunlar günahkarlıq hissi, yaxud incikliklə bağlı güclü və təkrarlanan psixoloji vəziyyətlər ola bilər:
"Belə vəziyyətlərdə insan daim öz xəyali opponenti ilə daxili dialoqlar aparır. Həm də uydurulmuş söhbətlər bəzən şüuru o qədər məşğul edir ki, insanlara elə gəlir ki, onlar həqiqətən başqasının səsini eşidirlər. Bu halda daxili həmsöhbəti sakitləşdirməyə təkcə sakitləşdirici dərmanlar deyil, hər şeydən əvvəl psixoterapiya kömək edir".
O, uzunmüddətli yuxusuzluğun da səsləri təhrik edə biləcəyini və bunun alkoqol, yaxud narkotik sərxoşluğuna bərabər olduğunu qeyd edib.
"Bundan əlavə, səslər başda travmalar və beyin xəstəliklərinin, məsələn, insult, anevrizma və ya şişin nəticəsi ola bilər. Demensiya və ya Altsheymer xəstəliyi kimi neyrodegenerativ xəstəliklər də bəzən bu narahatedici simptomu yaradır", - deyə psixiatr əlavə edib.
O vurğulayıb ki, belə bir problemlə qarşılaşan insanlar dərhal özlərinə şizofreniya diaqnozu qoymamalıdırlar. Onun sözlərinə görə, bunu yalnız psixiatr diqqətli müayinədən sonra edə bilər.