Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.
Xeber-ps.com DİN-ə istinadən xəbər verir ki, Bakı şəhəri və Salyan rayonunda keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar. Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.