Hərbi Hava Qüvvələrinin (HHQ) tabeliyindəki "N" saylı hərbi-hissənin yanacaq-sürtgü materialları xidmətinin rəisi həbs edilib.
Xeber-ps.com xəbər verir ki, kapitan rütbəsi ilə xidmət edən Ülvi Bəxtiyar oğlu Həsənov dövlət əmlakını talamaqda ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ü.Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumatı hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.
Qurum rəsmisi bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Ülvi Bəxtiyar oğlu Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.