"Zirə"nin penaltilər seriyasındakı uğurunun və uğursuzluğunun səbəbi yerli futbolçulardır?

Anar Həsənov yazır...

Avrokuboklarda mübarizə aparan komandalarımızın penaltilər seriyasında uğursuzluqları hər dəfə daha çox diqqət çəkir. Ötən gecə keçirilən "Zirə" "Osiyek" görüşündə də eyni mənzərəyə şahidlik etdik.

Əsas məqam isə azərbaycanlı futbolçuların zəif çıxışı, legionerlərin isə penaltiləri mükəmməl yerinə yetirmələri oldu. Əslində, oyunun gedişatını dəyişən məqam çox idi. Təmsilçimizin baş məşqçisi Rəşad Sadıqovun əvəzləmələri və düzgün analizi qələbə qazandırdı. Əsas pay sahibi isə legioner futbolçular oldular.

David Volkovun akrobatik qolu sayəsində "Zirə" əlavə vaxtlara getməyi bacardı. 120 dəqiqənin tamamında isə Tiaqo Silva "Zirə"nin əsil xilaskarına çevrildi. Bəs azərbaycanlı futbolçuların bu qələbədəki rolu nə oldu?

Rüstəm Əhmədzadə görüşün sonuna doğru çox yaxşı sürətə və texnikaya sahib olduğunu göstərsə də, oyunun əsas planına düşə bilmədi. Penaltilər seriyasında isə futbolçularımızda ya həyəcan, ya da qorxu müşahidə olunurdu.

Daha öncəki avrokubokların penaltilər seriyasında komandalarımızın çıxışına nəzər salsaq "Sabah" və "Zirə"yə təşəkkür etməliyik. Sadəcə legionerlərimizi tərifləmək düzgün olmazdı. Çünki "Sabah"ın penaltilər seriyasındakı qəhrəmanı məhz elə yerli qapıçımız Yusif İmanov olmuşdu. Əslində sevindirici məqamlardan biri də odur ki, komandalarımızın qapı xətti əmin əllərdədir. Düzdür "Sabah" artıq UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, amma hər uğur təcrübə ilə qazanılır. Növbəti mövsümdə daha uğurlu "Sabah" görəcəyimiz şübhəsizdir.

Futbolçularımızın və klublarımızın avrokuboklardakı penaltilər seriyasında uğursuzluğu barədə bəzi futbol mütəxəssislərinin də fikirlərini öyrəndim.

Bu barədə Xeber-ps.com-a açıqlama verən idman jurnalisti Kənan Məstəliyev bildirib ki, Azərbaycan futbolunun inkişafı üçün yerli oyunçularımıza üstünlük verməliyik.

"Zirə" - "Osiyek" görüşündən penaltilər seriyasından sonra ajiotaj yarandı ki, adi penaltini dəqiq yerinə yetirə bilməyən futbolçulardan nəsə gözləmək olmaz. Amma bu düzgün yanaşma deyil. Çünki ulduz futbolçular belə penaltilər qaçırıblar. Yerli futbolçularımızın penaltini qaçırma səbəbi də daha istəkli olmalarıdır ki, bu da həyəcanlı zərbəyə səbəb olur və nəticədə penaltini yerinə yetirə bilmirlər. Legionerlər isə fərqlidirlər, məsələn, Utsik və Renato bu gün "Zirə"dədirlər, sabah "Qəbələ"də, o biri gün isə "Neftçi"də də ola bilərlər.

Bir məsələni də qeyd etmək lazımdır ki, oyun zamanı penalti qazandıq və Qismət Əliyev düzgün yerinə yetirdi.

Ümumilikdə isə Azərbaycan futbolunda yerli futbolçuların performansının aşağı olmasını qəbul edirəm. Amma bu, birdən-birə düzələcək proses deyil. Azərbaycanda hazırda legioner limiti 7+4-dür. Gələn mövsüm 8+3 edilməsi planlaşdırılır. Limitin tamamilə aradan qaldırılması çağırışlarını görürük bəzən. Bu isə doğru deyil. Avrokuboklarda çıxış edəcəyik deyə klublarımızın heyətini legioner futbolçularla doldurmağa ehtiyac yoxdur. Azərbaycana gələn legionerlərin də xüsusi səviyyəli futbolçular olduğunu deyə bilmərik. Gələn legionerlər böyük beşlik ölkələrindən gələn futbolçular deyillər. Bir nöqtəyə kimi səviyyələri var və məhz buna görə Azərbaycana gəlirlər. Əks təqdirdə isə qəbul etmək lazımdır ki, onlar heç Azərbaycan Premyer Liqasına gəlməzlər.

Yerli futbolçuları haradasa məcburiyyətlə də olsa, oynatmalıyıq. Çünki onların hər biri bizim oyunçlarımızdır. Avrokuboklarda turu keçməyə bilərik. Mən də istəyərəm ki, tur keçək. Amma heyətin 11 futbolçusunun 11-i də legioner olsa, bunun Azərbaycan futboluna nə xeyri olacaq? Biz bundan Azərbaycan futbolu üçün nə uğur götürəcəyik? İki tur keçməyə qalsa, qruplara düşməklə olsa, "Qarabağ" elə bir vəziyyət yaradıb ki, artıq bu, uğur sayılmır. Biz avrokuboklara komandalarımızın düşməsini ona görə istəyirik ki, orada həm Azərbaycanın adı eşidilsin, həm də azərbaycanlı futbolçulara şans yaransın. Utsik UEFA Konfrans Liqasında yaxşı çıxış edəcək, gələn ilk təklifi qəbul edib gedəcək. Bəs bunun Azərbaycan futboluna nə xeyri olacaq? Yəni ki, ilk növbədə yerli futbolçularımızı inkişaf etdirməli və milli komanda üçün oyunçu qazandırmalıyıq. Əgər edə bilməyəcəyiksə, bu planı doğru görmürəm. Legioner və yerli futbolçu mübahisəsində isə çalışmalıyıq ki, mümkün qədər öz oyunçularımıza obyektiv olaraq üstünlük verməliyik".

Xeber-ps.com-a açıqlama verən digər idman jurnalisti Anar Xanlarov isə bildirib ki, bizimkilər topa elə zərbə vururdular ki, "Region Liqa"sının qapıçısı da o zərbələri qaytarardı:

"Penaltini çox adam lotereya adlandırır, sanki şablonlaşmış fikirdir, amma bir mərhələ ki, hansısa oyunun taleyini həll edir, demək ki, ən böyük məsuliyyət tələb edən hissədir. Penalti vuruşları böyük səbir, təmkin və soyuqqanlılıq tələb edir. Dünya şöhrətli ulduzlar da penalti qaçırıblar, buna görə kimisə dar ağacına çəkmirlər. Amma "Zirə"nin yerli futbolçularının dünənki penalti vuruşları birbaşa ustalıqla bağlı məsələ idi. Rəqib də 4 penalti qaçırdı. Lakin onlar normal zərbə vurdular, sadəcə, Tiaqo möhtəşəm oynadı. Amma bizimkilər topa elə zərbə vururdular ki," Region Liqa"sının qapıçısı da o zərbələri qaytarardı. Hətta iki zərbədə rəqib qapıçı heç tullanmadı da - birini yıxılıb qaytardı, birini də əlini uzadıb. Özü də hər üçü eyni küncə vurdu.

Yenə deyirəm, bu, bəxtsizlik yox, ustalığın və soyuqqanlılığın azlığıdır. Bəxtsizlik odur ki, vurursan dirəyə dəyir, yaxud ayağın büdrəyir, vurduğun zərbə isə çərçivədən yan keçir. Görünür ki, yerli futbolçular bu baxımdan da "böyüməlidrlər".

Əslində, bu fikirlər Azərbyacan futbolunu sevənlərin, ona böyük ümid bəsləyənlərin hər birində mövcuddur. Amma, futbolsevərlərimiz bu məsələdə iki hissəyə bölünüblər.

Birinci hissə tam heyəti legionerlərlə doldurub avrokuboklara gedib uğur qazanmağımızın daha yaxşı olacağını düşünsə də, ikinci hissə isə azərbaycanlı futbolçulara üstünlük verilməsinin tərəfdarıdır. Hər halda dörd komanda ilə yola çıxdığımız avrokuboklarda mübarizəyə yarısı ilə davam edirik. Bu da Azərbaycan futbolu üçün bir növ uğurdur.

Əsas məsələ isə odur ki, hər iki komandamız pley-off mərhələsində rəqibinə qalib gələrək qrup mərhələsinə vəsiqə qazansın.

0.073715925216675