Problemlər məngənəsində boğulan Paris: Azərbaycan bayrağı ilə təskinlik tapan Fransa polisi

Fransaya səfərimizin altıncı gününü dünən arxada qoyduq. Paris-2024 Yay Olimpiya Oyunlarında isə ilk günlərdə müşahidə etdiyimiz problemlər həllini tapmayıb, olduğu kimi qalır. Dünən səhərə yaxın bir az yağış yağdı ki, cüdo yarışlarının keçirildiyi ərazi yenidən palçığa qərq oldu. Halbuki həmin yerə xırda daşlar tökməklə arenaya gələnlərin rahat şəkildə hərəkətini təmin etmək mümkün idi. Amma görünən budur ki, bu məsələ yerli təşkilat komitəsini qətiyyən narahat etmir. Elə arenanın içərisində quraşdırılan böyük tablonun da varlığı ilə yoxluğu bilinmir. Təsəvvür edin ki, tavandan asılan tablonun qarşısında dəmirlər var. Bu səbəbdən də tablodan görüntüləri, hansı cüdoçuların bir-biri ilə qarşılaşdığını izləmək müşkül məsələdir.

Ən ciddi problemlərdən biri də Sena çayı ilə bağlıdır. Bu səbəbdən triatlon üzrə yarış iki dəfə təxirə salındı. Nəhayət, dünən yarış baş tutdu. Amma maraqlıdır, görəsən, bir gecədə nə dəyişdi? Olmaya çay çirkabdan Makronun sehrli çubuğu və ya səmavi qüvvələrin müdaxiləsi nəticəsində təmizləndi?

Yarış məkanlarına gediş-gəliş də bir başqa dərddir. Düzdür, əksəriyyət ən asan variant kimi metrodan istifadəni görür. Amma Paris metrosu böyük bir labirintdir. Üstəlik, orda yol göstərənlərin əksəriyyətinin ingilis dilini və ən əsası ünvanları yaxşı bilməməsi ciddi problemlərə yol açır. Bu səbəbdən yarış meydanlarına gecikənlər də olur, hətta bütün gününü metroda fırlanaraq ünvanı tapmayanlar da. Hava isinəndə isə metro konkret olaraq cəhənnəmi xatırladır. Çünki maşinistsiz hərəkət edən vaqonların böyük əksəriyyəti köhnədir, kondisionerlə təchiz olunmayıb. Açıq pəncərələr də işə yaramır. Bu üzdən insanların vaqonlarda sıxlıq səbəbindən nələr çəkdiyini təsəvvür etmək çətin deyil.

Qəribəliklərdən biri də budur ki, bəlli səbəbdən turist axını, sıxlıq müşahidə olunsa da, metroya girişdə heç kim yoxlanılmır. Nə yoxlama aparatı var, nə də polis. Halbuki Fransa polisi məhz olimpiada davam edən günlərdə daha həssas və diqqətli olmalı, insanların təhlükəsizliyinin qeydinə qalmalıdır. Bəlkə də elə bu nəzarətsizliyin nəticəsidir ki, Paris küçələrində olduğu kimi, metro da bomjların ənənəvi sığınacaq məkanına çevrilib.

Parisdə qiymətlər də at belindədir, konkret əl yandırır. Rəqəmlərə keçib, xırdalığa varmaq uzun və yersiz vaxt itkisi olardı. Onu dəqiq deyə bilərik ki, fransız xalqı heç də kef etmir. Yol kənarında gördüyümüz kafelər turistlərlə doludur. Fransızlar, əsasən də bu ölkənin koloniyalarından gələnlər isə onların qulluğunda dayanıblar, gündəlik çörək pulunu çıxarırlar. Özü də fransızlardan fərqli daha həssas və diqqətcildirlər. Hansısa məsələ ilə bağlı narahat edən kimi əl-ayağa düşür, kömək etməyə çalışırlar.

İki gün öncə, axşam saatlarında da onlardan biri ilə üzləşdik. Daha dəqiq desək, metroya gedərkən polislərdən biri həmkarımıza - 'hardansınız?", - deyə müraciət etdi. Onun diqqətini geyimimizin üzərindəki üçrəngli bayrağımız çəkmişdi. İki ölkə bayraqlarının oxşarlığı polisin bu cür müraciət etməsini şərtləndirmişdi. "Azərbaycandanıq" cavabını eşidəndən sonra təbəssümlə "mən Yeni Kaledoniyadanam" söylədi. Ardınca əl sıxıb, bizi gülərüzlə yola salan, Yeni Kaledoniyadan olan, Fransa polisində xidmət edən bu şəxsin ürəyindən nələr keçdiyini, təbii ki, özündən başqa heç kim bilmir. Bununla belə, onun müəyyən qədər sevindiyinə Azərbaycan bayrağı ilə təskinlik tapdığına zərrə qədər şübhə yoxdur...

"Report" İnformasiya Agentliyi

0.087841033935547