Ünvanlı sosial yardımın məbləği ARTIRILACAQ?

Ünvanlı sosial yardımın məbləğinin artırılacağı ilə bağlı gözləntilər yaranıb. Bu mövzu ilə bağlı sosial şəbəkələrdə müzakirələr artıb. Vətəndaşların sözlərinə görə, bu fikrin yaranması üçün bəzi əsaslar formalaşıb. Məsələn, Dövlət Statistika Komitəsinin son açıqlamasına baxsaq, görərik ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb. Bununla da ortaaylıq əməkhaqqı 1007,5 manata yüksəlib.

Bundan əlavə, mütəxəssislər hesab edirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bunlar noyabrın 1-nə qədər təqdim olunacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun bu yaxınlarda brifinqdə etdiyi çıxış da bu siqnalı gücləndirir. Sədr bildirib ki, sosial yardımın əhatə dairəsi genişləndiriləcək.

Bəs görəsən, reallıq nə yerdədir, sosial yardımın məbləği artırıla bilərmi? Bu proses necə reallaşır?

Mövzu ilə bağlı Xeber-ps.com-a açıqlama verən Milli Məclisin VI çağırış deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, ünvanlı sosial yardımın artırılması birbaşa ehtiyac meyarının dəyişdirilməsi ilə bağlıdır:

"Ehtiyac meyarı artırılanda avtomatik olaraq ünvanlı sosial yardımın məbləğində də eyni nəticəni göstərəcək. Son illər ehtiyac meyarı artırılıb. Bu da ünvanlı sosial yardımın məbləğinə təsir göstərib. 2025-ci ilin büdcə paketi təqdim edilən zaman ünvanlı sosial yardımda hansı səviyyədə artımların olub-olmayacağı müəyyənləşəcək. Büdcə paketində ehtiyac meyarının artırılması ilə bağlı sənəd olarsa, bu, praktiki olaraq 2025-ci ilin yanvarından etibarən ünvanlı sosial yardımın məbləğində də artımlara gətirib çıxaracaq".

İqtisadçı Xalid Kərimli qeyd edib ki, inflyasiyaya uyğun olaraq, yaşayış minimumu və ehtiyac meyarı müəyyən edilir:

"2024-cü ildən etibarən ehtiyac meyarı yaşayış minimumu ilə bərabərləşdirildi. Ünvanlı sosial yardım təyin edilərkən ailə üzvlərinin hər biri üzrə yaşayış minimumunun məbləğləri toplanır və ailənin rəsmi gəlirləri ilə yaşayış minimum arasındakı fərq hökumət tərəfindən ailəyə sosial yardım kimi ödənilir".

X.Kərimli məbləğin hansı halda artırıla biləcəyi ilə bağlı da fikrini bildirib:

"2025-ci il yanvarın 25-də yaşayış minimumu dəyişdiriləcək. Həmin rəqəm inflyasiyaya uyğun yaşayış minimumu və ehtiyac meyarını təyin edəcək. Buna paralel olaraq da ünvanlı sosial yardımın nə qədər olacağı bəlli olacaq. Hökumət bu məsələnin mexanizmini formalaşdırıb".

Ekspert minimum əməkhaqqı ilə sosial yardımın bir-biri ilə əlaqəsi olmadığını qeyd edib:

"2024-cü ildə minimum əməkhaqqı təyin olunmadı. Hökumət hər il bunu etmək məcburiyyətində deyil. Ancaq ünvanlı sosial yardımla bağlı elə mexanizm formalaşdırılıb ki, hər il ehtiyac meyarı və yaşayış minimumu dəyişdikcə (məbləğin artması inflyasiyadan asılıdır), aradakı fərq də dəyişəcək. Yəni ünvanlı sosial yardımın məbləğinin artırılması prosesi bu formada icra edilir".

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili məsələ ilə bağlı sorğumuzu belə cavablandırıb:

"DSMF icraedici orqandır, hər hansı bir dəyişiklik olacağı təqdirdə məlumat verəcəyik".

Xatırladaq ki, son statistikaya əsasən, 270 minə yaxın şəxs ünvanlı sosial yardım paketi ilə əhatə olunub.

Aqil Vəlili

0.073397874832153