Yüklərimiz etibarlı daşınırmı?

"Logistika sektoru Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir, amma ölkədə yükdaşımada istifadə olunan avtomobillərin əksəriyyəti köhnədir". Bunu yerli şirkətlərdən birinin direktoru Sona Osmanova Bakıda keçirilən "CEO MeetUp Logistics&Trade" adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, qəzaların baş verməsinə, daşımaların ləngiməsinə səbəb olur: "Logistika sahəsində yüklərin izlənməsi sistemi çox vacibdir. Amma bu sistemdə də nöqsanlar var. Belə ki, yükdaşıma ilə məşğul olan əksər avtomobillərin GPS sistemi yoxdur. Bu isə bəzi yüklərin itməsinə gətirib çıxarır".

Ekspertlər isə hesab edirlər ki, hazırda bu sahədə ciddi rəqabət mövcuddur. Rəqabətə davamlı olmayan bazar iştirakçıları tədricən mövqelərini itirirlər. Onların fikrincə, bazarda öz mövqeyini qorumaq istəyən daşıyıcılar həm də avtomobil parklarını müasir standartlara uyğunlaşdırmalıdırlar.

Bəs, görəsən, mövcud problemi necə həll etmək olar? Ümumiyyətlə, əksər yük maşınlarının köhnə olması hansı problemləri yaradır?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Dövlətin dəstəyi vacibdir

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov deyib ki, bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Onun sözlərinə görə, son illər ərzində ölkəmizdə nəqliyyat və logistika sahələrinin inkişaf etdirilməsi, bu sahənin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, respublikamızın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialından tam istifadənin gerçəkləşdirilməsi ilə bağlı bir sıra önəmli layihələr həyata keçirilib: "Bu sahənin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Əgər biz bu istiqamətdə tam şəkildə inkişafa nail olmaq istəyiriksə, islahatları hərtərəfli və sistemli şəkildə aparmalıyıq. Eyni zamanda, daşıyıcılar da avtomobil parkını müasir standartlara uyğunlaşdırmaqda maraqlı olmalıdırlar. Bu, həm də strateji bir məsələdir. Çünki yerli daşıyıcıların çoxu yük avtomobilləri ilə əsasən qida məhsullarının daşınmasını həyata keçirirlər. Qida təhlükəsizliyi baxımından avtomobil parkının müasir standartlara cavab verməsi vacibdir. Avtomobil parkının yenilənməsi həm də yüklərin ləngiməsinin, yollarda qəza hallarının baş verməsinin qarşısını ala bilər".

Ekspert hesab edir ki, bu işdə sahibkarlara dövlət tərəfindən dəstək göstərilməsi vacibdir: "Avtomobil parkının yenilənməsi asan məsələ deyil. Daşıyıcılara bir neçə illik vergi güzəşti və ya aşağı faizlərlə uzun müddətli kredit təklif oluna bilər".

Qaydalar dəyişib

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, artıq ölkədaxili daşımalarda qaydalar dəyişib: "Hazırda avtomobil yükdaşımalarında sərt qabarit nəzarəti tətbiq olunur. Çünki yollar dağılır. Məsələn, Bakı-Quba yolunun Quba-Bakı istiqamətinin dağılmasının bir səbəbi də qırmadaş materialın Qubadan Bakı istiqamətində daşınması oldu. Həmçinin Qaradağdan 500 kilometr məsafəyə mişar daşı daşınırdı. Bütün bunların qarşısını almaq üçün qaydalar dəyişdi və sərtləşdirildi. Yollara elektron tərəzilər quruldu və bu proses ilin sonuna kimi başa çatdırılacaq. Düşünürəm ki, ölkə daxilində dəmiryolu daşımalarına üstünlük vermək lazımdır. Statistikaya baxsaq, görərik ki, ölkə daxilində ümumi yükdaşımaların 59 faizi məhz avtomobil yükdaşımalarının payına düşür".

Üçpilləli piramida

Ekspert vurğulayıb ki, qüsursuz daşıma imkanlarının təmin olunması və daşıyıcıların manevr imkanlarının genişləndirilməsi üçün bəzi məsələlər nəzərə alınmalıdır: "Azərbaycanın strateji yerləşmə mövqeyi var. Bu strateji mövqedə quru daşımalarında dəmir yolunun xüsusi payı olmalıdır. Bu mövqedə bir piramida düşünək. Piramidanın birinci pilləsi ölkədaxili, ikinci pilləsi regional, üçüncüsü - qitələrarası daşımalardır. Bu sxemin işləməsi ona görə vacibdir ki, daşınma xərcləri artmasın. Tutaq ki, daşıyıcının bir tərəfə yükü ola bilər, amma digər tərəfə yükü olmasa, bu ümumi tariflərə təsir göstərəcək. Amma bu piramidadakı üç pillə formalaşarsa, yüklərin daşınması zamanı boşluq yaranmayacaq. Həm gediş, həm də dönüş istiqamətində yük olacaq".

Müasir yük avtomobilləri mövcuddur, amma...

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə qeyd edib ki, Azərbaycanda müasir standartlara cavab verən yük avtomobilləri mövcuddur, amma onların sayı kifayət qədər deyil. Onun sözlərinə görə, bu gün yerli daşıyıcılar üçün hansısa Avropa ölkəsinə deyil, MDB ölkələrindən, eləcə də qonşu Rusiyadan yük gətirmək və ya aparmaq daha sərfəlidir: "Burada təkcə məsafə və sərhəd-keçid məntəqələrində gözləmə müddəti rol oynamır. Avropa ölkələrinin digər ölkələrlə müqayisədə xarici daşıyıcı şirkətlərə qarşı yüksək tələbləri mövcuddur. Beynəlxalq yük daşımalarında taxoqrafdan istifadə edilir. Yük avtomobilləri Avropa ölkələrində hərəkətdə olarkən bütün məlumatlar taxoqraf vasitəsilə izlənilir. Tutaq ki, tələblərə görə, avtomobillər yüksək ekoloji standarta malik olmalıdır, sürücü səkkiz saat avtomobil idarə etdikdən sonra mütləq istirahət etməlidir, onun növbəti saatda hərəkətinə icazə verilmir. Amma, məsələn, Rusiyada belə deyil. Yük avtomobilin varsa və icazə vərəqin mövcuddursa, rahat şəkildə Rusiyaya daxil olmaq mümkündür, avtomobil idarə etməyə saat limiti tətbiq olunmur. Ona görə də bu kimi ölkələrdəki təyinat nöqtəsinə yüklərin çatdırılması və ya həmin ölkələrdən yüklərin gətirilməsi daha asan və qısa müddətə başa gəlir".

Beynəlxalq yük daşımalarında 13 min 574 avtomobil iştirak edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, son üç il ərzində yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan daşıyıcılarının sayı, müvafiq bazar payları artıb, daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı genişlənib. Beynəlxalq avtomobil daşımalarına buraxılış qaydalarının tətbiqi də Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafına müsbət təsir göstərib: "Hazırda beynəlxalq yük daşımalarında istismar olunan yük avtonəqliyyat vasitələrinin sayı 13 574 ədəddir. Bu nəqliyyat vasitələrinin 94 faizi yüksək ekoloji standart olan "Avro-5" və ən yüksək ekoloji standart "Avro-6" standartlarına cavab verir".

0.17386889457703