2024-cü ilin iyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub.
Xeber-ps.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, iyul ayının ötən dövründə havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq, çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib.
"Ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Bölgələrdə altı-doqquz gün, Abşeron yarımadasında isə dörd gün yağıntılı keçib. Əksər bölgələrdə yağıntının miqdarı norma daxilində olub. İyul ayının ötən dövründə bölgələrdə şərq istiqamətli küləklər üstünlük təşkil edib", - deyə o bildirib.
N.Mahmudovun sözlərinə görə, ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib, bəzi günlərdə küləyin sürəti 15 m/s-dən çox olub.
Qeyd edək ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə, aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib.