Abonentin şikayətinə rəsmi cavab: "Xaçmaz şəhərində 10 min kilovoltluq xətdə qəza olub"

"Xaçmaz şəhərində hər gün işıq iki-üç saat müddətinə kəsilir, səbəbini isə "Azərişıq" bizə demir".

Belə bir şikayətlə Xeber-ps.com-a Xaçmaz sakini müraciət edib.

Sakin qeyd edib ki, işıqların kəsilməsi ilə bağlı dəfələrlə "Azərişıq" ASC-nin rəsmi "Facebook" səhifəsinə şikayət ünvanlayıb. Hər dəfə ondan abonent kodu və əlaqə nömrəsi istənilsə də, sorğusuna cavab verən olmayıb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.

İdarənin Mətbuat Xidmətindən bildirildi ki, Xaçmaz şəhərində hər gün enerji verilişinin iki-üç saat dayandırılmasından söhbət gedə bilməz.

"Ümumiyyətlə, son günlərdə və ya son bir neçə həftə ərzində sözügedən ərazidə heç bir açılma halı olmayıb. Yalnız bu gün orada 10 min kilovoltluq xətdə qəza olub. Hazırda həmin qəza aradan qaldırılır, işlər yekunlaşmaq üzrədir. Bir daha bildirmək istəyirik ki, söhbət bu gündən gedir, "dəfələrlə"dən söhbət getmir", - deyə açıqlamada qeyd olunur.

Əzizə İsmayılova

0.40522694587708