75 yaşlı Xalq artisti: "Altı rejissor işdən çıxarıldı, nazirlik isə buna səssiz yanaşdı"

Mərahim Fərzəlibəyov: "Çox sevinirəm ki, bu gün teatrlar və kino azaddır. Şairlər, yazıçılar öz əsərlərini yazırlar, heç bir qadağa yoxdur. Amma mənə elə gəlir ki, qadağa olmayanda da gərək daxili vicdanın olsun".

Xalq artisti, "Şöhrət" ordenli teatr rejissoru Mərahim Fərzəlibəyov 75 yaşını qeyd edir. Yarım əsrə yaxın rejissorluq fəaliyyəti ilə o, Azərbaycan teatr sənətinə bir-birindən maraqlı, tamaşaçıların yaddaşından silinməyən tamaşalar, müxtəlif səpkili rollar bəxş edib. MFərzəlibəyov "Kaspi" qəzetinə müsahibə verib. Yubilyarın teatrımızın inkişafı ilə bağlı arzuları da çoxdur.
Öz dilindən oxuyaq:

"Arzum həyata keçmişdi"

- Mərahim müəllim, 75 ilin hesabatı ciddi olar, xüsusən əgər yubilyar yaradıcı adamdırsa... Ambisiyalarınızla publika arasında balansı necə qoruya bilmisiniz?

- Rejissor, aktyor - səhnəyə çıxan insan tamaşaçılarla ünsiyyətdə olanda ilk istəyi insanların ürəyinə yol tapa bilməkdir. Əgər hər hansı bir əsər mənim xoşuma gəlir və onu götürürəmsə, ilk növbədə "tamaşaçı bu əsəri necə qəbul edəcək? Bu ideyalar ona nə qədər maraqlı olacaq?", - deyə düşünürəm. Teatr yalnız əyləncə məqsədi daşımır. Sirk, müəyyən konsertlər əylənmək və istirahət üçündürsə, teatr mürəkkəb bir sənətdir. Tamaşaçı yalnız teatra gülmək və ya kədərlənmək üçün gəlmir. "Hansı yüklə gedəcəklər? Nələri öyrənəcəklər?" - bunlar vacib nüansdır. Dramaturq da, rejissor da çalışır ki, mütləq hazırkı konfliktlərə, problemlərə tamaşaçılarla ünsiyyətə girib nəzər salsın.

- Rejissorluq fəaliyyətiniz dövründə çalışdığınız və tamaşa hazırladığınız teatrlar çoxdur. Heç şübhəsiz ki, Milli Dram Teatrı həyatınızın xüsusi səhifəsidir...

- Rejissor sənəti elədir ki, insan bunu erkən yaşlarından hiss edir və ardınca gedir. Həyat sərt üzünü göstərməsə və şansı olsa, rejissor müəyyən zirvələri fəth edə bilir. Mən rejissorluq məktəbinə Bakıda daxil olmaq istəsəm də, alınmadı. Anamın mənim rejissor olmağımda böyük dəstəyi olub. Üç bacının bir qardaşı idim. Atam təzə rəhmətə getmişdi. Anam Leninqrada (Sankt-Peterburq) gedib rejissorluq üzrə gücümü sınamağıma razılıq verdi. Çətin də olsa orada Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil oldum. Görkəmli rejissor Georgi Tovstonoqovun kursunda oxudum. Arzum qayıdıb ölkəmin ən böyük teatrında çalışmaq idi, amma müsabiqə yolu ilə daxil olduğumdan qaydaya görə, SSRİ tərkibində olan teatrlardan birinə göndərildim. Üç il Qroznı şəhərində Lermontov adına teatrda çalışdım. Bakıya qayıdandan sonra Sumqayıt Teatrından dəvət aldım və o zaman çox məşhur olan "Poladəridənlər" əsərini oxudum. Həmin vaxt Sumqayıta "metallurqlar şəhəri" deyilirdi. Əsərin mövzusu bu ada uyğun idi. Tamaşa böyük anşlaqla qarşılandı və Bakıda Akademik Dram Teatrın səhnəsində də oynanıldı. Bu tamaşadan sonra Sumqayıt Teatrına baş rejissor təyin olundum. Azərbaycanda rejissorluq həyatım bu teatrda başladı. Amma siz Milli Dram Teatrı ilə bağlı soruşursunuz. Bu teatr həyatımın əsas mərhələsini təşkil edir. Çünki bu teatrda 40 ilə yaxın çalışdım. Orada hazırladığım tamaşaların sayını artıq itirmişəm. Ancaq bilirəm ki, mənim arzum həyata keçmişdi. Sumqayıt teatrından sonra Nəriman Həsənzadənin "Nəriman" poemasını oxudum və əsəri "Bütün Şərq bilsin" adı ilə səhnələşdirdim. Bu tamaşadan sonra - 1980-ci ildə Mədəniyyət Nazirliyi məni Akademik Dram Teatrına dəvət etdi. Burada çalışdığım illərdə, demək olar ki, arzularımın çox hissəsini həyata keçirə bildim.

Həyat, hava, oksigen...

- Bəs hazırda baş rejissoru olduğunuz Bakı Bələdiyyə Teatrında arzularınızı reallaşdırmağa nə qədər imkan var?

- Təəssüf ki, Akademik Teatrda direktorlar tez-tez dəyişirdi. Mən baş rejissor olan illərdə teatr təmirə bağlanmışdı. İki il belə işlədim. Təmirdən sonra eyni qayda ilə işimi davam etdirməyi düşünürdüm. Amma Mədəniyyət Nazirliyi teatrda rəhbərliyə başqa adamı gətirdi. O, ştatda olan altı rejissoru işdən kənarlaşdırdı. Nazirlik də buna səssiz yanaşdı. Onlar bir şeyi dərk etmədilər ki, rejissorsuz teatr olmaz. Mən o teatrda, demək olar ki, ildə bir əsər qoyurdum, amma müəyyən arzularımı həyata keçirə bilmirdim. O vaxt Amaliya Pənahova da müəyyən səbəblərdən teatrdan getdi və Bakı Bələdiyyə Teatrını yaratdı. Bilirsiniz ki, mən uzun illər Amaliya Pənahova ilə Akademik Dram Teatrında çalışmışam. Onunla 15-dən artıq rol işləmişdim. Bu aktrisanın sənəti, insanlığı mənə çox yaxın idi. Amaliya xanım məni öz teatrına dəvət elədi. Fikirləşdim ki, müəyyən arzularımı bu teatrda həyata keçirə bilərəm. Cümhuriyyətin 100 illiyinə həsr olunan "Şanlı vətən" əsərinə quruluş verdim. Təəssüf ki, Amaliya xanım məni rejissor kimi dəvət etdiyi tamaşaya özü baxa bilmədi, ağır xəstəlikdən dünyasını dəyişdi. Sonradan Amaliya xanımın qızı - Aynur Muxtarova teatra bədii rəhbər təyin olunandan sonra məni işə dəvət etdi. O vaxtdan baş rejissor kimi bu teatrda çalışıram. Nə yaxşı ki, bu teatr məni öz ağuşuna aldı. Artıq burada 10-cu quruluşun üzərində işləyirəm. Bu teatrda yaradıcılığımı böyük həvəslə davam etdirirəm.

- Zaman sürətlə dəyişir. Teatr necə, aktuallığını qoruya bilirmi?

- İncəsənətin çox qolları var - bəstəkarlıq, opera, balet... Amma teatr əbədidir, ölməzdir. Teatr canlı ünsiyyətdir - bu, incəsənətin möcüzəsidir. İncəsənətin heç bir sahəsində belə canlı ünsiyyət yoxdur. Simfonik orkestrdə canlı musiqiyə qulaq asırsan, amma orada səs eşidirsən. Teatrda qəhrəman sənin kimi danışır, ürəyin istəyən fikirləri deyir, arzuladığın şeyləri dilə gətirir. Teatr öz missiyasını yerinə yetirir. Mən teatrlara gedəndə salonu həmişə anşlaq görürəm. Teatr olan yerdə insanlar yaxşılığın qədrini biləcəklər. Biz özümüzü yalnız sənətin ağuşunda - teatrda, kinoda, konsertdə tapa bilərik. Bunlar həyatdır, havadır, oksigendir...

- Belə müzakirələr də olur: 20-ci əsr rejissor teatrı əsri, 21-ci əsr - menecer teatrı əsridir...

- Rejissor sənətinin 150 illik tarixi var. Rejissorluq çox böyük məfhumdur. Xüsusən rejissor sənəti teatr və kinoya çox vacibdir. Rejissor yeganə adamdır ki, özündə sözü, rəssamlığı, musiqini, işığı, müəyyən texnikanı və sair birləşdirir. O, dramaturgiyanı bildiyi qədər bu sahələri də bilməlidir. Bəstəkar da, rəssam da, səhnə ustası da onun tutduğu yolla gedir. Hər bir rejissorun dəst-xətti fərqlidir. Bəli, menecer teatrı da var, o bir qoldur. Amma rejissorsuz teatr məhv olar.

- Belə bir fikir də var: 70-80-ci illər mədəniyyət və incəsənət üçün qızıl dövrdür. Hətta senzura da yaradıcılıq üçün daha çox imkanlar açıb. Bununla razısınız?

- Biz iki formasiyada yaşadıq. SSRİ dövründə sənin dramaturq materialın da, özün də idarə olunurdun. Onlar tamaşanı bağlaya da, saxlaya da bilərdilər. Yadıma gəlir, Anarın "Təhminə və Zaur" əsərinə qadağa qoymuşdular. O zaman teatrın müdiri Əli İsmayılov tamaşaya o qədər vurulmuşdu ki, öz səlahiyyətlərindən istifadə edib nazirliyin qərarını ləğv etdi və tamaşanı buraxdı. Təəssüf ki, sonra onu işdən uzaqlaşdırdılar. Amaliya xanım Təhminə, Fuad Poladov Zaur rolunda oynayırdı. Tamaşanın oynandığı beş ilə yaxın müddətdə teatra düşmək mümkün deyildi. Teatrın rəngarəng repertuarı olsa da, ayda 12 dəfə bu tamaşa da oynanılırdı.

90-cı illərdən biz tamam başqa formasiyaya daxil olduq - müstəqillik qazandıq. Teatr daha da müstəqil oldu. O zaman həmçinin teatrda, kinoda axsama yarandı. Çünki yeni quruluşu qurmaq lazım idi. Bu, tədricən baş verdi. Çox sevinirəm ki, bu gün teatrlar və kino azaddır. Şairlər, yazıçılar öz əsərlərini yazırlar, heç bir qadağa yoxdur. Amma mənə elə gəlir ki, qadağa olmayanda da gərək daxili vicdanın olsun. Azadlıqdan istifadə edib söyüşə, təhqirə yol vermək olmaz, küçə hadisələri kinoya, teatra gəlməməlidir. Teatr tamaşaçıların oturduğu salondan bir metr hündürdə yerləşir. Teatr yüksək tribunadır. Biz bu tribunadan yüksək fikirlər eşitməliyik. Bu fikirləri həmçinin televiziyaya da, kinoya da şamil edirəm. "Azadlıq" şirin sözdür, ancaq şirini acıya, zəhərə çevirmək olmaz.

- Demək istəyirsiniz ki, rejissorun azadlığının da həddi var...

- Mütləq... Hər şeyin həddi var. Heç nə sonsuz deyil... Rejissor da bilməlidir ki, tamaşaçılara nə təqdim edir. O, fikirlərini cəmiyyətlə bölməlidir. "Mən belə görürəm…" fikri olmamalıdır. Bizim milli dəyərlərimiz var. ABŞ-də səhnələşdirilən əsər burada olduğu kimi qoyula bilməz. Mənim təfəkkürüm başqadır, başqa anadan tərbiyə almışam, başqa torpaqda yaşayıram. Mənəvi dəyərlərim o qədər gözəldir ki, onları korlaya bilmərəm.

"Sən bunu lüks hazırlamısan..."

- Yubiley tədbirinizdə sizi təsirləndirən hansı hadisələr oldu?

- Bakı Bələdiyyə Teatrının rəhbərliyi mənim yubileyimin keçirilməsini istədi. Bu tədbir Muğam Teatrında dostlarımın, sənət adamlarının əhatəsində keçirildi. Teatrın haqqımda çəkdiyi 20 dəqiqəlik filmdə Ulu Öndər Heydər Əliyevlə görüşlərimin videosu nümayiş olundu. Mənim üçün böyük xoşbəxtlikdir ki, Ulu Öndər quruluş verdiyim beş tamaşaya baxıb.

Hələ "Bütün Şərq bilsin" tamaşasını Sumqayıt Teatrında qoyanda Ulu Öndər bundan xəbər tutmuş, "gətirin, mən də baxım" demişdi. Biz tamaşanı Bakıda Akademik Dram Teatrda da oynadıq. Ulu Öndər gəlib baxdı və kollektivə nə qədər gözəl sözlər dedi. O görüşdə Sumqayıt Teatrının bina məsələsi də həll oldu.

Görkəmli dramaturq İlyas Əfəndiyev o zaman "Xurşudbanu Natəvan" əsərini yazmışdı. O, məni teatra dəvət etdi və belə bir monumental əsəri mənə - cavan rejissora həvalə etdi. Bu tamaşa da böyük rezonans doğurdu. Ulu Öndər bu tamaşaya, daha sonra "Maqbet"ə baxdı. İlyas Əfəndiyevin "Hökmdar və qızı"na gəlib baxanda artıq "Bunu da sən qoymusan?", - deyə soruşmadı, "nə yaxşı ki, bunu da sən qoymusan!" dedi. İlyas Əfəndiyev isə bu tamaşanın məşqlərində iştirak etsə də, premyerasını görmədi...

2000-ci ildə Heydər Əliyev "Dədə Qorqudun 1300 illiyi" ilə bağlı Sərəncam verdi. Anar Dədə Qorqudla bağlı pyes yazdı. O əsərin səhnələşdirilməsi mənə tapşırıldı. Əsəri Heydər Əliyev Sarayında tamaşaya qoydum. İlk dəfə türkdilli dövlətlərin başçıları Ulu Öndərlə birlikdə gəlib bu tamaşaya baxdılar. Tamaşadan sonra Heydər Əliyev "Mən əsəri oxudum, fikirləşdim ki, bu səhnədə necə gedə bilər, bunu Anara da dedim...", - deyə təəssüratını bölüşdü. Sonra mənə dönüb "Sən bunu lüks hazırlamısan", - deyə baş barmağını qaldırdı. Sonradan Ulu Öndərə yaxın olan adamlar dedilər ki, o lüks sözünü çox nadir hallarda işlədir.

"Allahdan arzum budur ki..."

- Qarşıda hansı rejissor maraqlarınız var? Klassika, ya müasir dramaturgiya?

- Əlbəttə, teatr üçün klassika məktəbdir. Mən həmişə çalışmışam ki, yaxşı əsərlər olsun. Ola bilər, müəllif tanınmasın, amma yaxşı bir əsər yaza bilər. Bu yaxşı əsər hər şeyi həll edir. Əlbəttə, müasir əsərlərlə yanaşı, klassikanı heç vaxt unutmaq lazım deyil. Hazırda Bakı Bələdiyyə Teatrında iki əsər üzərində - yazıçı Məmməd Orucun "Köçürülmə" trilogiyasının və Abdulla Qədirinin "Ötən günlər" romanının səhnələşməsi üzərində işləyirəm. Sonuncu əsərlə çalışıram ki, türkdilli xalqların mənəviyyatını, etnik baxışlarını Azərbaycan tamaşaçısı yaxından tanısın. Çox güman ki, sentyabrda bu əsərlərin məşqləri başlayacaq.

- Arzularınız çoxdur - həm keçmişdən qalan, həm də bu gün doğulan... Onları həyata keçirmək üçün nə lazımdır?

- Allahdan arzum budur ki, mənə ömür versin. Hər şey bundan asılıdır. Rejissorun əgər nəfəsi gəlirsə və ideyaları varsa, işləyib istəklərini həyata keçirə bilər. Ömür vəfa etsə, mən də arzularımın bir qisminə çata bilərəm...

0.11605787277222