Xaçmaz rayonu Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Rəhman oğlu Ağaxanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Ramin Rəhman oğlu Ağaxanov ömürlük azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Orxan Rüstəmov onun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, aprelin 9-da Xaçmaz rayonunun Yalama kəndində evlərdən birinin yanması və içərisində olan iki nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini, 1996-cı il təvəllüdlü Ramin Rəhman oğlu Ağaxanov saxlanılaraq istintaqa təhvil verilib.