Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İran Klinikasının yaxınlığında ağac kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Xidmət rəsmisi Dünya Əhmədova bildirib ki, araşdırma zamanı sözügedən ünvanda quru söyüd ağacının Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən kəsildiyi müəyyən edilib.
"Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və təhlükə törədə biləcək ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir və bu işlər növbəti günlərdə də davam edəcək".