Bakıda fəaliyyət göstərən "Biblioteka" ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Xeber-ps.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, yayılmış əsasında Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəcməddin Nazim oğlu Şabanova məxsus "Biblioteka" ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
"Obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, iyulun 8-də yayılan videoda Bakının mərkəzindəki restoranlardan birinin mətbəxində siçovul gəzdiyi əks əks olunmuşdu. Xeber-ps.com-ın əldə etdiyi məlumata əsasən, həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb. Onlar gülərək siçovulun haradan mətbəxə gəlməsi ilə bağlı bir-birilərinə suallar veriblər.