Bakıda yaşayış kompleksinin mühafizəçisini döyə-döyə öldürdülər - Hadisə yerindən GÖRÜNTÜLƏR

2020-ci il oktyabrın 11-də Hövsan yaşayış kompleksinin mühafizəçisi Rüstəm Bayramovun meyiti tapılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu yollanıb. Hadisə yerinə baxış keçirilərkən mərhumun baş nahiyəsində və bədən səthində xəsarət izləri aşkar edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, ağır cinayət iki il bağlı qalıb. Suraxanı Rayon Prokurorluğunda cinayət işinin icraatı dayandırılıb.

Hadisədən iki il sonra, 2022-ci il iyulunda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, məlum cinayətin üstünün açıldığını bildiriblər. Qətli törətməkdə şübhəli bilinən üç nəfərin - Radiq Feyziyev, Tahir Ələkbərov və Rəşad Kərimov barəsində isə həbs qətimkan tədbiri seçilib.

Suraxanı Rayon Prokurorluğunda icraatı dayandırılmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

2020-ci il oktyabrın 7-də Rüstəm Bayramov Radiq Feyziyevdən psixotrop maddə alıb, 100 manat pulu növbəti gün ödəyəcəyinə söz versə də, bunu etməyib. Buna görə, Radiq Feyziyev Rüstəm Bayramovdan pulu almaq, vermədiyi halda isə onu döyüb, cəzalandırmaq qərarına gəlib.

Ayın 10-u saat 22 radələrində kirayə qaldığı evdə Rəşad Kərimov, Tahir Ələkbərov və Rüstəm Bayramovla görüşərkən o, sonuncudan pulunu tələb edib. R.Bayramov yaxın zamanda borcunu qaytaracağını bildirsə də, Radiq Feyziyev ona pulu dərhal qaytarmalı olduğunu bildirib. Mübahisənin yarandığını, qarşı tərəfin say etibarı ilə daha üstün olduğunu görən Rüstəm Bayramov gözətçi iş yerindən icazə alıb gəldiyini, təcili geri qayıtmalı olduğunu bəhanə edərək, evdən çıxıb. Rüstəmin pulu qaytarmaq niyyətində olmadığını görən Radiq Feyziyev tanışları ilə birlikdə onun arxasınca gedərək, evindən təxminən 450 metr məsafədə, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8 ünvanında Rüstəm Bayramova çatıb və onu saxlayıblar. Ona yumruq və təpiklə zərbələr endiriblər. Əvvəl Radiq Feyziyev sağ əlinin ovuc hissəsində saxladığı daş parçası ilə Rüstəm Bayramovun baş nahiyəsinə var gücü ilə zərbə vurub. Müvazinətini itirib, yerə yıxılandan sonra Tahir Ələkbərov da digər daş parçası ilə onun başına iki dəfə zərbə endirib. Vahid niyyətlərini başa çatdırmaq məqsədi ilə ayaqları ilə baş nahiyəsinə, üzünə və bədəninə çoxsaylı ağır dərəcəli xəsarətlər yetirib. Nəticədə Rüstəm Bayramov ölüb.

Bundan başqa, məlum olub ki, Radiq Feyziyev 2020-ci ilin yay aylarında tanış olub, qeyri-rəsmi yaşadığı Xuraman Abdullayevanı və onun daun sindromlu övladı, 2010-cu il təvəllüdlü Alişan Abdullayevi Hövsan qəsəbəsinin Məktəbli küçəsində, kirayə tutduğu evə gətirib. Birlikdə bir müddət yaşadıqdan sonra ailədaxili narazılıq zəminində həmin ilin oktyabr ayında qadını və azyaşlı oğlunu evdə saxlayaraq, çölə çıxmağa qoymayıb. Belə ki o, evin giriş qapısını açarla çöl tərəfdən bağlayaraq gedib.

2022-ci il mayın 27-də Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən Radiq Feyziyev Hövsan qəsəbəsində, Bağlar massivində yaşadığı evin yaxınlığında saxlanılaraq, idarəyə gətirilib. Şəxsi axtarış zamanı üzərindən ayrı-ayrı bükümlərdə ümumilikdə üç qramdan artıq heroin götürülüb.

Məhkəmə iclasında Radiq Feyziyev ittiham üzrə özünü təqsirli bilməyərək, göstərib ki, Tahir Ələkbərov da onun kimi Hövsanda kirayədə yaşayıb. Rüstəm Bayramovu heç vaxt görməyib. Mayın 2-də Astaradan Bakıya qayıdandan sonra qardaşı və əmisi oğlu deyiblər ki, onu 30-cu şöbənin əməkdaşları axtarırlar. Könüllü olaraq oraya gedib. Şöbədə əməkdaşlar sorğu-sual edib ona şəkillər göstəriblər, o da orada gördüyü adamları tanımadığını bildirib. Sonra onu buraxıblar.

Rəşad Kərimov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, Rüstəm tez-tez Radiqin yaşadığı evə gedib-gəlib, aralarında pula görə ədavətləri olub:

"Tahirlə 2015-ci ildə tanış olub. Dəfələrlə birlikdə Radiqdən narkotik vasitə alıblar. 2020-ci ilin oktyabr ayında, Rüstəm Radiqdən nisyə 100 manatlıq narkotik maddə alıb, lakin pulunu verməyib. Buna görə, Radiq ara küçədə onu döyməyə başlayıb, başına daşla zərbələr endirib. Onunla Tahir də yerə yıxılan Rüstəmə ayaqları ilə zərbələr vurublar. Rüstəmin başından qan axıb, onu küçədə qoyub, hadisə yerindən uzaqlaşıblar. Bundan iki gün sonra Hövsan sakinlərindən Rüstəmin öldüyünü eşitdik".

Tahir Ələkbərov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Radiq Feyziyevi Rəşad Kərimovun vasitəsi ilə tanıyıb:

"Əvvəllər avtobus sürücüsü işləyib, sonra fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşam. Rüstəm Bayramovu tanımıram. 2020-ci ildə hadisə baş verən zaman Astarada idim. Rayondan qayıdandan sonra məni bölməyə çağırdılar. Radiq Feyziyevi görüb-görmədiyini soruşdular. Telefonumda Radiqin nömrəsini tapa bilmədikləri üçün məni sərbəst buraxdılar. 2022-ci il martın 18-də narkotik vasitə istifadəçisi kimi həbs olundum".

Zərərçəkmiş şəxsin hüquqi varisi Adil Bayramov ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Xəzər rayonun Türkan qəsəbəsində yaşayır. Oğlu Rüstəm Hövsan qəsəbəsində yerləşən sosial evlərdə əvvəl fəhlə, sonra isə gözətçi kimi çalışıb.

2020-ci il oktyabrın 10-da oğlunu saat 17 radələrində öz maşını ilə iş yerinə aparıb. Saat 21 radələrində Rüstəm iş yoldaşlarının telefonları ilə zəng edib, özünü yaxşı hiss etmədiyini deyərək, gəlib, onu aparmasını xahiş edib.

O da oğluna, karantin rejimi tətbiq olunduğundan Hövsana gələ bilməyəcəyini söyləyib. Növbəti gün polis əməkdaşı zəng edərək Rüstəmin öldüyünü xəbər verib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş Xuraman Abdullayeva təqsirləndirilən Radiq Feyziyevlə barışmadığını və ondan şikayətçi olduğunu bildirib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı qeyri-səmimi, ziddiyyətli, bir-biri ilə məntiqi əlaqəsi olmayan yalan ifadələr verməklə, məsuliyyətlərini yüngülləşdirməyə çalışıblar.

Məhkəmə nəticəyə gəlib ki, Radiq Feyziyev və Tahir Ələkbərovun əməllərində CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə), bundan başqa Radiq Feyziyevin əməlində CM-nin 145.2.1-ci (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə), 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) və Rəşad Kərimovun əməlində CM-nin 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var. Onlar həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Radiq Feyziyev 20 il, Tahir Ələkbərov 19 il və Rəşad Kərimov 1 il 8 ay müddətinə azadlıqdan məhrum olunublar.

0.73523712158203